usaq aile

“Payız sessiyasının iş planı müzakirə olunarkən “Ailə, valideynlik və uşaqların hüquqlarının təminatı haqqında” qanun layihəsinin hazırlanmasının da iş planına daxil edilməsini istərdim.  Gənc ailə üçün övlad sahibi olmaq bir günlük qərar deyil. Bu, ən azı 18-20 il davam edən böyük məsuliyyətdir. Ona görə də dövlətin ailənin yalnız uşağın doğulduğu anda deyil, bütün bu mərhələlər boyunca yanında olması vacibdir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.

“Dünya təcrübəsində diqqətimi çəkən əsas məqam da məhz budur. Orada məsələyə yalnız pul ödənişi kimi deyil, mənzil, uşaq baxımı, valideynlərin əmək fəaliyyəti, təhsil və gələcək maliyyə təhlükəsizliyini əhatə edən kompleks sistem kimi yanaşılır.

Azərbaycanda da bu istiqamətdə kifayət qədər dövlət dəstəyi mövcuddur. Ailələrə, uşaqlara və gənclərə müxtəlif müavinətlər ödənilir, sosial xidmətlər göstərilir, mənzil, məşğulluq, təhsil və digər istiqamətlər üzrə proqramlar həyata keçirilir.

Amma burada ciddi bir problem var. Bu imkanlar və xidmətlər müxtəlif qanunlarda, proqramlarda və ayrı-ayrı mexanizmlərdə dağınıq şəkildə təqdim olunur. Bəzən sistem vətəndaş üçün mürəkkəb və anlaşılmaz görünür”, – deyə o qeyd edib.

Deputat bildirib ki, hüququn qanunda yazılması kifayət deyil, vətəndaş həmin hüquqdan real və rahat şəkildə istifadə edə bilməlidir:

“Bu qanunun məqsədi mövcud dövlət dəstəyi mexanizmlərini ləğv etmək və ya hər şeyə yenidən başlamaq deyil. Əksinə, bu gün mövcud olan hüquq və xidmətləri vahid hüquqi çərçivədə toplamaq, sistemləşdirmək və vətəndaş üçün daha aydın və əlçatan etmək və bununla bərabər digər yeni kompleks xidmətləri də əlavə etməkdir.

Burada gənc ailənin mənzil məsələsi xüsusi yer tutmalıdır. Çünki bu gün bir çox gənc üçün artıq əsas sual “uşaq pulu nə qədər olacaq?” deyil, “harada yaşayacağıq?” sualıdır. Güzəştli ipoteka imkanlarının genişləndirilməsi, ilkin ödənişə dövlət dəstəyi və uşaqlı ailələr üçün əlavə mexanizmlər bu siyasətin bir hissəsi ola bilər.

Digər mühüm məsələ uşaq baxımıdır. Elə şərait yaratmalıyıq ki, qadın ana olduğu üçün əmək bazarından kənarda qalmasın. Bağçaların əlçatanlığı, çevik iş imkanları və valideynlər üçün uyğun əmək şəraiti bu sistemin tərkib hissəsi olmalıdır. Uşağın gələcəyi də ayrıca nəzərə alınmalıdır. Təhsil və inkişaf imkanlarına yönələn dövlət dəstəyi ailəyə yalnız bugünkü xərcləri qarşılamaqda deyil, uşağın gələcəyini qurmaqda kömək etməlidir. Ən vacibi isə budur: dövlət ailəyə “övlad sahibi olun” deyən tərəf kimi yox, bu qərarın məsuliyyətini bölüşən tərəf kimi çıxış etməlidir. Gənc ailəyə deməliyik: siz ailə qurursunuzsa və övlad sahibi olmaq istəyirsinizsə, bu yolda tək deyilsiniz. Mənzil məsələsində, uşağın baxımında, təhsildə və əmək həyatında dövlət sizin yanınızdadır”.

R.Nurullayev bildirib ki,  demoqrafik problemi inzibati çağırışlarla həll etmək mümkün deyil:

“İnsan gələcəyinə əmin olduqda, ailəsinin və övladının təhlükəsizliyini gördükdə daha inamlı qərar verir. Ona görə mən bu məsələyə yalnız demoqrafik siyasət kimi baxmıram. Bu, insan hüquqları məsələsidir, ailənin sosial təminatı məsələsidir və Azərbaycanın gələcəyinə investisiyadır. Məqsədimiz sadəcə daha çox uşağın dünyaya gəlməsi olmamalıdır. Məqsədimiz daha təhlükəsiz, daha imkanlı və övladını gələcəyə inamla böyüdə bilən ailələr yaratmaqdır. Bu səbəbdən təklif edirəm ki, bu məsələnin parlamentin payız sessiyasının iş planına daxil edilməsi və kompleks qanun layihəsinin hazırlanması ilə bağlı işə başlanılması nəzərdən keçirilsin”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: