Gədəbəy hadisələrinin arxasında Rusiya izi? – İnanılmaz iddialar yayılır…

İki gündür Gədəbəydə baş verən hadisələr əsas müzakirə mövzusudur. Rayonun Söyüdlü kəndində qızıl mədəninin işinə etiraz edən sakinlərlə polislər arasında yaşananların əks olunduğu videolar sosial şəbəkələr üzərindən yayıldı. Bir polisin yaşlı qadının üzünə qaz sıxması vətəndaşları çox hiddətləndirib. Əksər rəylərdə ifadə olunur ki, həmin polis tapılıb cəzalandırılmalıdır.

Yerli sakinlərin etirazına səbəb əsasən mədənin yaxınlığındakı göldür. Göl dolub. İkinci gölün qazılmasına camaat razı olmayıb.

Vətəndaşlar deyirlər ki, bu gölə yığılan qalıqlar, əsasən də sianid onların sağlamlığına mənfi təsir göstərir. Söyüdlü camaatı iddia edir ki, son illər həmin göldəki toksik maddələrin ətraf mühitə mənfi təsiri o həddə qədər çoxalıb ki, xərçəng xəstəliyinə tutulanların sayında artım baş verib.

Gədəbəydə icra başçısı yaşlı qadına nə deyib? - Rəsmi açıqlama - GlobalInfo.az

Orxan Mürsəlov, Gədəbəy RİH başçısı

Rəsmi qurumlar isə bu iddiaları təkzib edir. Rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlov dünən sakinlərlə görüşdə deyib ki, iddialarla bağlı kəndə mütəxəssislər dəvət ediləcək. İcra başçısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də müraciət ediləcəyini bildirib.

Aidiyyəti rəsmi qurumlar vaxtında müdaxilə etsəydilər, hadisələr bəlkə də, bu həddə gəlib çatmazdı. Polislə sakinlərin üz-üzə gəlməsi son həddir. Bu, olmaya da bilərdi…

Hadisə ilə bağlı ictimai müzakirələrin yönü getdikcə dəyişir. Sosial şəbəkələrdə insanlar iki qrupa bölünüb. Bir tərəfin iddiası budur ki, baş verənlər xüsusi olaraq təşkil edilib. Əsas da sakinlərin yürüş zamanı qaldırdıqları pankartlara diqqət çəkilir. Deyilir ki, ucqar dağ kəndində bu səliqədə və dizaynda çevik pankart hazırlamaq şübhəli məsələdir.

Gədəbəy sakini: "Qızılı yeyən, zəhərini də aparsın" - BBC News Azərbaycanca

Bu fikirlə razılaşmayanların sözlərinə görə isə, yürüşdə sakinlərin qaldırdıqları şüarları hazırlamaq o qədər çətin sayılmamalıdır. Bunu rayon yerlərində əldə etmək asandır.

Göründüyü kimi, diqqət əsas məsələdən yayınır.

Bu yayınmaların da nəticəsində ortaya fərqli versiyalar çıxır. Artıq bu fikir geniş yayılıb ki, prosesin arxasında xarici xüsusi xidmət orqanları dayanır. Əsas vurğu Rusiyanın üzərinə edilir. Deyilir ki, Rusiya bununla azərbaycanlı ekofəalların 100 gündən çox Şuşa-Xankəndi yolunda keçirdikləri aksiyaya cavab verir. Bizim ekofəalların aksiyaları Rusiyanın maraqlarına ciddi zərbə vurub.

Bu iddianın müəllifləri fikirlərini belə əsaslandırırlar:

Birincisi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgədə Azərbaycanın möhtəşəm aksiya keçirməsi Kremlin siyasi zirehini, Rusiya ordusunun obrazını darmadağın edib.

İkincisi, ermənilərin istismar etdikləri yataqların idarəçiliyi Moskvanın nəzarətindədir. 30 ilə yaxındır oranın gəliri Rusiyanın ayrı-ayrı qruplarının əlində cəmlənib. Bu qeyri-leqal biznesdən Rusiyanın siyasi və hərbi, eləcə də xüsusi xidmət elitası milyardlar qazanıb. Azərbaycan ötən ilin dekabr ayından bu prosesi iflic vəziyyətə salıb. Əlindən milyardlar çıxan, üstəlik, imici yerlə bir edilən Rusiya hərbi və siyasi elitası mümkündür ki, bunun qisasını almağa başlayıb. Ona görə də Gədəbəydə baş verənlərdə Rusiya izi axtaranların və buna inananların sayında artım var.

Rusiya amilinə inananların iddiasına görə, Moskva bununla Azərbaycana mesaj verməyə çalışır ki, “istədiyim vaxt sənin istədiyin ərazində sabitliyi poza biləcək gücdəyəm”.

Təbii ki, bütün bunlar ictimai müzakirələrdə ortaya çıxan fikirlərdir, tezislərdir. Biz də jurnalist olaraq intensiv şəkildə müzakirə edilən mövzunu, dartışılan fikirləri bir məqalədə ümumiləşdirib, oxucuya çatdırırıq.

Azərbaycan insanı yüzillərdir Rusiyadan hər cür pislik görüb. Hər müsibətimizdə Moskvanın rolu olub. Ona görə də üzləşdiyimiz bu cür olaylarda da Kremlin izinin olmasına inanırıq.

Ona da inanırıq ki, dövlətdə ən dolğun və dəqiq informasiyalar var. Bu informasiyalara istinad edərək yaranmış böhran aradan qaldırılacaq.

Aydın Aslan
Globalinfo.az