bagca 1

Sosial şəbəkələrdə azyaşlı uşağın tədris müəssisəsində şiddətə məruz qalması ilə bağlı iddia yayılıb. Uşağın valideyni övladının üzündəki göyərtiləri əks etdirən fotolar paylaşaraq, bunların tədris müəssisəsində yarandığını bildirib.

Globalinfo.az-ın xəbərinə görə, məsələ ilə bağlı tədris müəssisəsindən “Bakupost”a bildirilib ki, uşağın üzündə göyərtinin olması onun məhz müəssisədə və şiddət nəticəsində yarandığını deməyə əsas vermir:

“Uşaqdır, oynayır, qaçır, yıxılır, harasa toxunur. Üzündə, qolunda, bədənində zaman-zaman göyərtilərin yaranması mümkündür. Bunların hər birini tədris müəssisəsində baş vermiş hadisə və ya şiddət kimi təqdim etmək üçün konkret sübut olmalıdır. Bizim müəssisədə hər yer kameralarla müşahidə olunur və valideynlərin də kameralara çıxışı var. Əgər uşağa qarşı hər hansı şiddət göstərilibsə, bunu görüntülərdən müəyyənləşdirmək mümkündür”.

Müəssisədən qeyd olunub ki, valideynin təqdim etdiyi fotolar arasında yalnız bir göyərtinin tədris müəssisəsində yarandığı məlumdur. Həmin hadisənin də kamera görüntüləri mövcuddur və valideyn özü də videoya baxıb:

“Uşaq yeriyərkən ayağı dolaşaraq yıxılıb və üzündə kiçik göyərti yaranıb. Valideyn də görüntünü görüb və bilir ki, həmin anda uşağa heç kim toxunmayıb. Bu, sadəcə uşağın yıxılması nəticəsində baş verən adi bir hadisədir”.

Tədris müəssisəsi başqa bir məqama da diqqət çəkib. Bildirilib ki, yaxın tarixlərdən birində valideyn(Elnur Əliyev)uşağı müəssisəyə gətirərkən azyaşlının sərt şəkildə yıxılması da kameralara düşüb və həmin vaxt da uşaq müəyyən qədər əzilib. Kamera görüntüsü olmasaydı o qədər əzilmədə bizə aid hesab ediləcəkdi.

“Biz demirik ki, uşaq heç vaxt burada yıxıla bilməz. Uşaqdır və belə hallar hər yerdə baş verə bilər. Amma uşağın bədənində görünən hər göyərtini heç bir sübut olmadan tədris müəssisəsində şiddət faktı kimi təqdim etmək də doğru deyil. Əgər belə bir hadisə baş veribsə, kameralar var, görüntülər var – araşdırılsın və konkret fakt ortaya qoyulsun. Biz də buna hazırıq”.

Müəssisədən əlavə olunub ki, indiyədək valideynlə münasibətlərdə uşağa qulluqla bağlı yalnız bir nöqsan qeydə alınıb. Bir dəfə təcrübəsiz əməkdaş uşağın bezini vaxtında dəyişməyib. Müəssisə bu səhvi qəbul edib və həmin əməkdaş barəsində tədbir görülüb:

“Biz səhvimiz olanda onu gizlətmirik və məsuliyyətimizi qəbul edirik. Amma yol verilmiş bir səhlənkarlıqla uşağa fiziki şiddət göstərilməsi tamam fərqli məsələlərdir. Şiddət çox ciddi ittihamdır və belə bir ittiham irəli sürülürsə, onun konkret sübutu da olmalıdır”.

Həmçinin qeyd olunub ki, valideyn həqiqətə uyğun olmayan və tədris mərkəzinin reputasiyasını korlayan paylaşımını təkzib etməsə, onunla bağlı məhkəməyə müraciət ediləcək.

Paylaş: