1635853177 sahil babayev 1

Dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin qorunması, əhalinin rifahının yüksəldilməsi və sosial tədbirlərin maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqinin genişləndirilməsi, təhsil və səhiyyə sektorlarının inkişafı əsas prioritetlərdir. Eyni zamanda, fiskal intizamın qorunması, büdcə qaydalarına əməl edilməsi, xərclərin dövlət xəzinədarlığı vasitəsilə ünvanlı və səmərəli icrası, real sektorun inkişafının sürətləndirilməsi də qarşıda duran əsas vəzifələrdəndir.

Globalinfo.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, 2027-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 141 milyard manat olacağı proqnozlaşdırılır:

“Bu, 2026-cı illə müqayisədə 2,7 faizlik real artım deməkdir. Qeyri-neft-qaz sektoru üzrə ÜDM-in 109,1 milyard manat olacağı proqnozlaşdırılır ki, bu da 2026-cı illə müqayisədə 4,4 faizlik real artım deməkdir.

2023-2027-ci illəri əhatə edən beşillik dövr ərzində qeyri-neft-qaz sektorunun ÜDM-də 30 milyard manatlıq artım əldə etməsi hədəflənir. Bu, 38 faizlik artım deməkdir.

Növbəti il üçün xam neftin bir barelinin orta illik qiyməti 65 dollar götürülüb. Mövcud geosiyasi vəziyyəti nəzərə alsaq, neft qiymətlərinin daha yüksək olacağını düşünürük. Lakin fiskal çərçivənin qorunması, ortamüddətli dövrdə fiskal intizamın və proqnozlaşdırmanın təmin edilməsi üçün konservativ yanaşma tətbiq edərək 65 dollarlıq qiyməti əsas götürmüşük.

2026-cı ilin sonuna dövlət borcunun ÜDM-ə nisbətinin 20 faiz olacağını proqnozlaşdırırıq. Ortamüddətli dövrün sonuna, yəni 2030-cu ildə bu göstəricinin 20,3 faiz təşkil edəcəyi gözlənilir. Hazırda dövlət borcumuz 23,9 milyard manatdır. Bu, cari ilin əvvəli ilə müqayisədə 2,8 faiz bəndi azdır.

Azərbaycan dövlət borcunun ÜDM-ə nisbəti baxımından dünyada ən yaxşı göstəricilərə malik ölkələrdən biridir. Borc portfelimizin 16,2 milyard manatını daxili, 7,7 milyard manatını isə xarici dövlət borcu təşkil edir. Ümumi borc portfelində daxili və xarici borcun nisbəti də müsbət səviyyədə qorunub. Belə ki, borcun 68 faizi daxili, 32 faizi isə xarici dövlət borcunun payına düşür.

Borcun orta ödəmə müddətinə gəldikdə, istiqrazlar üzrə bu göstərici artıq 3,6 ilə çatıb. Bu, müsbət göstəricidir. Borcun ödəmə müddətinin uzadılması qısamüddətli likvidliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Hazırda portfelimizdə 7 və 10 illik istiqrazların payı 44 faiz təşkil edir.

Növbəti dövrdə əsas planımız borclanmanın orta və uzunmüddətli istiqamətdə genişləndirilməsi, qısamüddətli borclanmanın isə mərhələli şəkildə orta və uzunmüddətli borclanma ilə əvəz edilməsidir.

Strateji valyuta ehtiyatlarımız oktyabrın 1-nə 89,4 milyard dollara çatıb. Bu, xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir.

Növbəti ildə Dövlət Neft Fondunun gəlirlərinin xərclərini üstələyəcəyi gözlənilir. Neftin bir barelinin qiymətinin 65 dollar götürülməsi şərtilə Fondun gəlirlərini 7,8 milyard dollar, xərclərini isə 7,1 milyard dollar səviyyəsində proqnozlaşdırırıq.

Dövlət Neft Fondundan büdcəyə transfertin növbəti il üçün 7 milyard dollar olacağı nəzərdə tutulur. Bu, cari illə müqayisədə 500 milyon dollar və ya 935 milyon manat azalma deməkdir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: