baki

“Yaxın Şərqdəki münaqişə enerji və nəqliyyat marşrutlarına mənfi təsir göstərib, əmtəə və ərzaq qiymətlərində dalğalanmalara səbəb olub. Məhz bu səbəbdən Beynəlxalq Valyuta Fondunun oktyabr ayına olan son qiymətləndirməsinə görə, qlobal iqtisadi artım ötən ilki 3,5%-dən bu il 3,1%-ə enir. Təkcə Yaxın Şərqdəki münaqişə bu göstəricini 0,4 faiz bəndi azaldıb”.

Globalinfo.az xəbər verir ki, bunu  İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov deyib.

O qeyd edib ki, ortamüddətli dövrdə də dünya iqtisadiyyatının artım tempinin təxminən 3,2% olacağı, pandemiyadan əvvəlki artım tempinə, yəni təxminən 3,7%-ə qayıtmayacağı gözlənilir:

“Bu da hər birimizin qarşısında investisiyalar və bazarlar uğrunda kəskin rəqabətin olacağının göstəricisidir. Belə bir şəraitdə Azərbaycan iqtisadiyyatı sabitliyini qoruyur. Qeyd edim ki, strategiya dövrünün yekunlarına, o cümlədən cari ilin gözlənilən nəticələrinə baxdıqda, 2022–2026-cı illərdə ümumi daxili məhsulun orta hesabla 2,7%, qeyri-neft–qaz sektoru üzrə isə 5,2% artacağı gözlənilir. Bu da müəyyən edilmiş hədəfdən yüksəkdir. Ötən dövrdə iqtisadiyyatda müəyyən keyfiyyət dəyişiklikləri baş verib”.

E.Camalov qeyd edib ki, Azərbaycanda 2026-cı ilin gözlənilən nəticəsi də nəzərə alınmaqla 2019-cu ildən bəri qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq.

Onun sözlərinə görə, bu ilin 9 ayında Azərbaycan Dövlət Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı 20,5 % artaraq 3,2 milyard ABŞ dollarına çatıb ki, bunun 60 %-i sənaye məhsullarıdır.

“Fondun qızıl əməliyyatları nəzərə alınmadan xarici ticarət saldosu 25 % artaraq 7,1 milyard ABŞ dolları profisitlə formalaşıb. Bu ilin oktyabrın 1-nə strateji valyuta ehtiyatları 2018-ci ilin sonu ilə müqayisədə iki dəfə artaraq 89,4 milyard ABŞ dollarına çatıb. Bu göstərici illik ümumi daxili məhsulun həcmini 20 dəfə üstələyir. Qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı da bu dövrdə təxminən iki dəfə artaraq ümumi əmək müqavilələrinin 56,5 %-ni təşkil edib”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: