“2029-cu il Klublararası Dünya Çempionatı baş tutmaya bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Express” nəşri məlumat yayıb.
İddiaya görə, buna səbəb FIFA ilə Avropanın aparıcı futbol klubları arasında turnirdə iştirakla bağlı razılığın əldə olunmamasıdır.
Turnirə ev sahibliyi etməkdə Avstraliya, Yeni Zelandiya, Braziliya, Almaniya, Meksika və İngiltərə maraqlıdır.
Bununla belə, əsas namizədlər kimi Qətər və ABŞ göstərilir.
Qeyd edək ki, 2025-ci ildə Klublararası Dünya Çempionatı iyunun 14-dən iyulun 13-dək ABŞ-da keçirilib. İlk dəfə 32 komandanın iştirakı ilə təşkil olunan turnirin finalında Londonun “Chelsea F.C”. klubu “Paris Saint-Germain F.C.” üzərində 3:0 hesablı qələbə qazanaraq çempion olub.
İyulun 28-də FIFA prezidenti Cianni Infantinonin turnirin idarə olunması üçün ayrıca şirkət yaratmaq və onun 20–30 faiz səhmini investorlara satmaq planı üzərində işlədiyi barədə məlumat yayılmışdı. Lakin bu təşəbbüs ciddi etirazla qarşılanıb.
Əliyar Xəlil
Globalinfo.az