Fuad Muradov Ontario parlamentinin üzvləri ilə görüşdü – FOTOLAR

Kanadaya səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Ontario parlamentinin deputatları Françesko Sorbara, Anna Roberts və Maykl Tibollo ilə görüşü olub, onlarla müxtəlif mövzularda müzakirələr aparılıb.

Bu haqda Globalinfo.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Cənubi Qafqazın lider dövləti olan müasir Azərbaycanın multikulturalizm ənənələrinə malik olduğu, Ermənistanın işğalına son qoyduqdan sonra yeni inkişaf mərhələsinə qədəm qoyduğu deputatların nəzərinə çatdırılıb. Kanadalı deputatlar Torontoda açılacaq Azərbaycan Evini mütləq ziyarət edəcəklərini qeyd edib, bundan sonra da bizi irəliyə aparacaq inkişafa hədəflənməli olduğumuzu söyləyiblər.

Komitə sədri Ontario parlamentinin spikeri Ted Arnottla da görüşüb. Görüşdən öncə spiker Diasporla İş üzrə Dövlət Komitəsinin sədri və əməkdaşlarını parlament üzvlərinə təqdim edib və səfərləri barədə qısa məlumat verib.

Görüşlərdə iştirak edən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin sədri Lalin Həsənova rəhbərlik etdiyi təşkilat haqqında danışıb, Torontoda açılacaq Azərbaycan Evinin missiyası ilə bağlı ətraflı məlumat verib.

Ontario parlamentində keçirilən görüşlərdə gələcək əməkdaşlığa dair bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.