Suriyanın paytaxtı Dəməşqdə Fransa Prezidenti Emmanuel Makronun səfəri zamanı qaldığı “Four Seasons” otelinin və Turizm Nazirliyinin yaxınlığında iki partlayışın baş verməsi siyasi arenada müzakirələrə səbəb olub.
Məlumata görə, partlayışlar nəticəsində 18 nəfər xəsarət alıb. Fransa Prezidentinin Dəməşqdə rəsmi səfərdə olduğu vaxt baş verən hadisə Suriyada təhlükəsizlik vəziyyəti ilə bağlı yeni suallar yaradıb. Hazırda partlayışın səbəbi və kimlər tərəfindən törədildiyi ilə bağlı araşdırmalar davam edir.
Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu deyib ki, bu insidentlərlə kimlərsə həm qonağa, həm də ev sahibinə mesaj vermək istəyib:
“Makron Suriyaya 17 illik fasilədən sonra səfər edən ilk Avropa dövlət başçısıdır. Əlbəttə, bu, boşuna və ya rəsmi açıqlamada deyildiyi kimi Suriya xalqına qələbədən dolayı dəstək səfəri deyil.
Bilindiyi kimi, Suriya Osmanlı İmperiyasının süqutundan sonra Livanla birlikdə Fransa tərəfindən ələ keçirilib. Bu, Sykes-Picot sazişinə əsasən baş verib. Fransa 1946-cı ilə qədər Suriyanı mandatlıq sistemi ilə idarə edib. Lakin sonrakı dövrdə də Suriya və Livan üzərində Fransanın siyasi, mədəni və iqtisadi təsiri qorunub saxlanılıb. Yalnız Əsəd rejimi dövründə Fransanın təsiri qismən zəifləyib.
Bununla belə, Fransa bu iki ölkəni ənənəvi olaraq “köhnə torpaqlar” kimi qəbul edir. Ona görə də Suriya və Livandakı siyasi proseslərdə fəal iştirak edir və ya etməyə çalışır.

Kənan Rövşənoğlu
İndi isə Suriya və Livanı (qismən) ABŞ öz təsir dairəsinə daxil edir. Vaşinqton faktiki olaraq Suriyanın yeni hakimiyyəti üzərində təsirə malikdir, Livanda isə mövqelərini tədricən gücləndirir.
Bu da, əlbəttə, Parisdə narazılıqla qarşılanır. Çünki Fransa Afrikadakı Çin və Rusiya hərbi-iqtisadi ekspansiyasından sonra Yaxın Şərqdəki yeganə iki təsir dairəsini də itirmək təhlükəsi ilə üzləşir.
Həmçinin ABŞ Suriyada Türkiyəyə “stavka” edir, Fransa isə müəyyən mənada kənarda qalır.
Ancaq hazırkı vəziyyətdə Fransanın Suriyaya ciddi iqtisadi və siyasi təklifi yoxdur, yəni ən azı ABŞ səviyyəsində deyil. Bununla belə, Makron cəhd edir. Güman ki, o, Dəməşqdə Fransaya münasibətin səviyyəsini ölçməyə çalışır”.
Turan Rzayev
Globalinfo.az