Fransalı nazirdən Afrika AÇIQLAMASI: “Dünya nizamına təsir göstərəcək”

“Fransa Afrika ilə əlaqələri yeniləməyə çalışacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.

O bildirib ki, Fransa Afrika ilə əlaqələri yeniləməyə və qitə üçün faydalı balanslı tərəfdaşlıqlar qurmağa çalışacaq.

Qeyd edək ki, fransalı nazir Afrikaya ilk səfərini Keniyadan başlayıb. Onun Fil Dişi Sahilinə və Ruandaya gedəcəyi gözlənilir.

Keniyalı həmkarı Musalia Mudavadi ilə birlikdə keçirdiyi mətbuat konfransında Stefan Sejurne Afrika ölkələri ilə balanslaşdırılan və qarşılıqlı hörmətə əsaslanan münasibət qurmaq istədiklərini açıqlayıb.

“Bizim yol xəritəmiz məhz budur. Tərəfdaşlıqları şaxələndirmək və sərmayə qoyacağımız ölkələr üçün faydalı olmaq istəyirik. Afrika Fransanın xarici siyasətinin prioritetidir. Çünki qitə mədəni, iqtisadi və diplomatik gücə çevrilmək yolunda addımlayır. Bu, dünya nizamına təsir göstərəcək”, – fransalı nazir vurğulayıb.

Məlumata görə, Şərqi Afrikanın iqtisadi mərkəzi olan Keniyada Fransa öz kommersiya fəaliyyətini gücləndirib və on il ərzində ölkədəki fransız şirkətlərinin sayı demək olar ki, üç dəfə artaraq 140-a çatıb.

Əliyar Xəlil
Globalinfo.az