“Fransanın xarici işlər naziri Katrin Kolonna bu gün Azərbaycana gələcək. Onun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşü gözlənilir. Tərəflərin müzakirə edə biləcəkləri xeyli məsələ var.
Yəqin ki, Cənubi Qafqaz mövzusu və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması da tərəflərin gündəliyində olacaq. Çox güman, C.Bayramov həmkarını Ermənistanla münasibətlərdəki son durum barədə məlumatlandıracaq”.
Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.
O bildirib ki, Laçın dəhlizindəki mövcud vəziyyət də Fransa tərəfinin diqqətinə çatdırılacaq:
“Məlum olduğu kimi, Azərbaycan bu günlərdə Laçın-Xankəndi yolunun başlanğıc hissəsində nəzarət-keçid məntəqəsi quraşdırdı. Rəsmi məlumatda bildirildi ki, bu, Ermənistanın qanunsuz əməllərinin, o cümlədən silah daşınmasının qarşısının alınması üçündür.
Lakin bir sıra Qərb dövlətləri, o cümlədən rəsmi Paris məsələyə “fərqli don geyindirməyə çalışdı”. Fransa Xarici İşlər Nazirliyindən bu barədə qərəzli bəyanat verildi. Azərbaycan Xarici İşlər Nazirliyindən isə bildirildi ki, Fransa belə açıqlamalarla münasibətlərin normallaşması prosesinə maneçilik cəhdlərinə şərait yaratmamalıdır”.
K.Novruzov Fransanın Cənubi Qafqazdakı durumuna və Azərbaycan həqiqətlərinə münasibətinin göz önündə olduğunu xatırladıb:
“Rəsmi Paris Minsk Qrupunun həmsədri kimi fəaliyyət göstərdiyi 30 il ərzində “düyünlərin açılmasına” töhfə verməmiş, əksinə, keçmiş münaqişənin dondurulmasına çalışmışdı. Vətən müharibəsi dövründə və ondan sonra da biz dəfələrlə rəsmi Parisin qərəzli münasibətini görmüşük. Əlbəttə, tarixi təcrübəni unutmaq olmaz. Məhz tarixi təcrübə onu deməyə əsas verir ki, Paris regionda “daşların yerinə oturmasında” maraqlı deyil”.
K.Novruzov deyib ki, əslində, Fransa Avropa İttifaqı (Aİ) sədri kimi heç olmasa indi obyektiv davranmağa çalışmalıdır:
“Amma bu, görünmür. Fransa Prezidenti Emmanuel Makron və onun komandası bilməlidir ki, qərəzli mövqe Aİ-yə olan etimadı da azaldır.
Fikrimcə, bugünkü görüşdə münasibətlərə aydınlıq gətirilməlidir. XİN rəhbəri Ceyhun Bayramov Fransanın qeyri-obyektiv mövqeyi ilə bağlı narahatlığımızı konkret ifadə etməlidir. Rəsmi Paris də başa düşməlidir ki, belə yanaşma ancaq onun özünə ziyandır. Şirin vədlər daha bizim üçün keçərli deyil.
Yeri gəlmişkən, fransalı nazir dövlətinin vasitəçilik səyləri barədə də danışa bilər, Parisin İrəvanla Bakı arasında münasibətlərin normallaşmasında maraqlı olduğunu deyə bilər. Amma bu açıqlamalar səmimi olmayacaq. Vasitəçilik iddiasında olan dövlətlər kimi, Fransa da sadəcə regional maraqlarını düşünür”.
Zaira Akifqızı
Globalinfo.az