WhatsApp Image 2024 02 06 at 11.04.53

Zəngəzur dəhlizi ilə bağlı məsələ Ermənistan ictimaiyyətində yenidən müzakirə edilir. Diqqətçəkən məqam ermənilərin dəhlizin açılmasını istəməsidir. Lakin ənənəvi olaraq onların şərti budur ki, o hissəyə Ermənistan nəzarət etsin.

Hakim “Mülki müqavilə” partiyasından olan deputat Qaqik Melkonyan “Azərbaycan, Türkiyə və Rusiya Ermənistandan Zəngəzur dəhlizini istəyir, amma biz razı olmuruq” deyib.

O, bildirib ki, bu yolların açılmasına razıdırlar, lakin dəhlizə nəzarəti Ermənistan etməlidir.

Hazırkı şəraitdə və geopolitik şərtlərdə dəhlizin açılması mümkündürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, Ermənistan Zəngəzur dəhlizinə özünün milli suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı prinsipi ilə baxır:

“Hesab edirəm, bu yanaşma yanlışdır və heç bir müsbət şey vəd etmir. Belə ki, Azərbaycan Zəngəzur dəhlizi deyərkən iqtisadi-kommunikativ humanitar bir dəhlizi nəzərdə tutur. Bu, heç bir halda Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə zərər vurmur. İrəvansa bunu dərk etməməkdədir.

Azərbaycan paralel şəkildə Ermənistana ərazisindən keçərək Rusiyaya gedəcək bir yol təklif edir. Yəni rəsmi Bakı özü İrəvana hazır kommunikasiyalarından istifadə haqqı verir.

Hesab edirəm Ermənistanın məsələyə yanlış və narahatlıqla baxmasının əsas səbəbi məhz xarici faktorlar ilə bağlıdır. Fransa və İran bu məsələdə İrəvanı açıq şəkildə qorxudur. Bundan başqa, bu iki ölkənin təzyiqi də bəllidir.

Məsələnin yeganə həlli qarşılıqlı müzakirədir. İrəvan başa düşməlidir ki, bu dəhliz ona heç bir zərər vurmayacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: