Keçmiş KQB agentləri İrəvanda: “Kreml Paşinyanı onların əli ilə devirmək istəyir”

Erməni din xadimi Mikael Ajapaxyan 44 günlük müharibə zamanı keçmiş prezidentlər Serj Sərkisyan və Robert Köçəryana Nikol Paşinyanı devirmək üçün hərbi çevriliş etməyi məsləhət gördüyünü açıqlayıb. O, təklifinə məhəl qoyulmamasından şikayətlənib.

Hazırkı İrəvan hökumətinin hərbi çevriliş, yaxud başqa yolla dəyişdirilməsi barədə çağırışlar indi də səsləndirilir. İddia edilir ki, Rusiya hər cəhdlə baş nazir Nikol Paşinyanı aradan götürməyə çalışsa da, Qərb onu qoruyur. Bəziləri isə Moskvanın Paşinyandan narazı olduğunu, amma onun hakimiyyətdə qalmasına tolerant yanaşdığı bildirilir.

Ermənistanda hakimiyyətin yaxın zamanda dəyişməsi mümkün görünürmü? Bu proses hansı ssenari üzrə reallaşa bilər?

Mövzu ilə bağlı Globalinfo.az – a danışan politoloq Turab Rzayev bildirib ki, İrəvanın mövqeyi Rusiyanı qəzəbləndirsə də, Qərbin planları başqadır:

“Məsələ kifayət qədər aydındır. Bir tərəfdən Qərb Nikol Paşinyanı qorumağa çalışır. Çünki Ermənistanın hazırkı baş naziri Qərbin layihəsidir, onun üzərindən bölgəyə müdaxilə etməyə cəhd göstərirlər. Beləliklə, Rusiyanı Ermənistandan çıxarmağı, Cənubi Qafqazdan uzaqlaşdırmağı planlayırlar.

Moskva isə Nikol Paşinyanın son zamanlar atdığı addımlardan razı deyil. Baş nazirin sonuncu açıqlamaları, xüsusi ilə də Rusiyanı birbaşa hədəf göstərməsi, Zəngəzur dəhlizi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Ermənistanla hərbi tərəfdaşlıq, Roma statusunun ratifikasiyası, Vladimir Putinin Ermənistana səfər etməməsi kimi məsələlərdə İrəvanın mövqeyi aydın şəkildə görünür. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Rusiya Ermənistan daxilində hərbi, yaxud müxalifətin əli ilə siyasi çevriliş etməyə çalışacaq”.


Turab Rzayev

Politoloq qeyd edib ki, Nikol Paşinyan hakimiyyətinin devrilməsi üçün kilsə proseslərdə aktiv olacaq:

“Eyni zamanda Nikol Paşinyana qarşı sui-qəsdlərin təşkili, yaxud onun həyatını təhlükəyə ata biləcək hər hansı addımlara yol verilməsi istisna deyil. Düşünürəm ki, bu məsələdə ölkənin din xadimləri də ciddi rol oynayacaq. Nəzərə almaq lazımdır ki, erməni kilsəsi Rusiya ilə yaxın münasibətdə olub, əməkdaşlıq edib. Böyük ehtimal kilsədə yüksək vəzifə tutan şəxslər də keçmiş KQB, indiki Federal Təhlükəsizlik Xidməti (FTX) agentləridir. Onların Paşinyanı devirmək üçün keçmiş prezidentlərə dəstək verməsi, bu istiqamətdə çıxışlar etməsi yeni bir hal deyil.

44 günlük müharibədə olduğu kimi, Nikol Paşinyanın hakimiyyətdən göndərilməsi üçün çağırışlar davam edəcək. Düşünürəm ki, kilsə, müxalifət və cinayətkar Qarabağ klanı birlikdə hazırkı baş nazirə qarşı mübarizəni kəskinləşdirəcəklər”.

Ayşən Mustafa
Globalinfo.az