Fransa kəşfiyyatı belə çökdürüldü: Bakıya ötürülən məxfi məlumatlar şəbəkəni ələ verib – ŞOK

Fransa dövləti son 100 ilin ən böyük şokunu yaşayır. Belə ki, Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Gürcüstan və Azərbaycanda ifşa olunub.

Azərbaycan xüsusi xidmət orqanları tərəfindən yüksək peşəkarlıqla keçirilən əməliyyatlar nəticəsində Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini icra edən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Hadisənin ardınca Prezidenti Emmanuel Makron ölkənin Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib.

Maraqlıdır, Bernar Emyeninin vəzifəsindən azad edilməsinin əsl səbəbi nədir? DGSE atdığı hansı addım Fransa kəşfiyyatını ifşa etdi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, əslində rəsmi Bakı hələ bu məsələyə münasibət bildirməyib:

“Prosesi qiymətləndirərkən mütləq bu amili nəzərə almaq lazımdır. Qərb KİV-ində yayılan məlumatların məqsədi, nə qədər dəqiq olması hələ aydın deyil.
Amma belə bir agentura şəbəkəsinin ölkəmizdə mövcud olması istisna oluna bilməz. Rəsmi Parisin Cənubi Qafqazla bağlı maraqları, Bakı ilə münasibətləri, agentura şəbəkəsinin fəaliyyəti üçün əsas ola bilər.

Bununla belə, Fransanın yenicə müstəqillik qazanmış Azərbaycanın ərazisində casus şəbəkəsi qurması yolverilməzdir. Beynəlxalq birlik də bu məsələyə dərhal reaksiya verməlidir. Axı söhbət adi bir ölkədən getmir, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Fransanın bu fəaliyyəti beynəlxalq hüquq normalarına, ölkələr arasında qurulan səmimi münasibətlərə zərbədir.

Əslində, Fransanın Azərbaycana bu cür münasibətinin kökü 30 il əvvələ gedir. Azərbaycan torpaqlarının işğalında, terrorun, soyqırımların həyata keçirilməsində Fransanın əvəzsiz rolu olub. Ehtimal etmək olar ki, onun casus şəbəkəsi topladıqları məlumatları Ermənistana ötürmək niyyəti güdüb.

Kənan Novruzov

Yeri gəlmişkən, Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı xüsusi qeyd edilməlidir. Məhz onların sayəsində suverenliyimiz qorunub, ölkəmiz daxilində casusluq şəbəkəsi və ölkənin müstəqilliyinə təhdid törədə biləcək hərəkətlərin qarşısı alınıb”.

Ekspert deyib ki, Fransa casus şəbəkəsi ilə bağlı yerləşdirilən xəbərə görə, rezidentura Fransanın “tərəfdaşları” kimi tanınan ölkələrin nümayəndələrinə qarşı çox inamlı və sakit şəkildə kəşfiyyat əməliyyatları aparıb:

“Üstəlik, rezidentura geniş əlaqələrdən istifadə edərək region ölkələrində fəal şəkildə fəaliyyət göstərib, yeni məqsədlər formalaşdırıb və təsir dairəsini genişləndirib.

Məlumatlı mənbələrin xəbərinə görə, bu istiqamətdə araşdırma bir-biri ilə əlaqəli olan şəxslərin şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı məqamları üzə çıxarıb. Belə ki, uzun illər Fransa kəşfiyyatının ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq təşəbbüsü ilə çıxış edib.

Onun əməkdaşlığı nəticəsində Azərbaycanda xidmət etmiş, fəaliyyətlərini davam etdirən, bəziləri isə hazırda bir sıra qonşu dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən onlarla fransız məxfi agent ifşa edilib. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyəti ilə bağlı sübut və sənədlər təqdim olunub. Bundan başqa, məlum olub ki, Azərbaycanın xüsusi xidmət orqanlarının araşdırdığı cinayət işi ilə bağlı Ukrayna, Gürcüstan və Azərbaycanla bağlı kəşfiyyat fəaliyyəti həyata keçirmiş bir sıra şəxslər həbs edilib. Mənbənin fikrincə, bu uğursuzluğun miqyası Fransa kəşfiyyatının imicinə ciddi zərbə vuracaq”.

Turan Rzayev
Globalinfo.az