Fransa, Çexiya və Belçikada İran səfirləri XİN-ə çağırıldılar

İran səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İranın Fransadakı səfiri Məhəmməd Amin-Nejad bu gün Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə rəsmi Parisin İranın İsrailə qarşı həyata keçirdiyi hücumu qətiyyətlə pisləməsi iranlı diplomatın diqqətinə çatdırılıb.

“İran İslam Respublikası bu məsuliyyətsiz hücumu həyata keçirməklə heç kimin marağında olmadığı bir alovlanma riski yaradır. İsrailin və digər tərəfdaşlarımızın təhlükəsizliyini və regional sabitliyi təhdid edən bu ciddi və görünməmiş hərəkətlər dərhal dayandırılmalıdır. Fransa gərginliyi azaltmaq üçün tərəfdaşları ilə işləyir və hamını təmkinli olmağa çağırır. İranda özbaşına saxlanılan vətəndaşlarımızın dərhal azadlığa buraxılması tələbi bir daha vurğulanır”, – Fransa XİN bildirib.

***

Çexiya Xarici İşlər Nazirliyi İranın Praqadakı səfiri Seyid Məcid Qafilebaşını çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

Bildirilib ki, səfirin XİN-ə çağırılması İranın İsrailə hücumu ilə bağlı olub.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketlərlə İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalanmasına cavab olaraq həyata keçirildiyi bildirilib.

Qeyd edək ki, bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurma olub.

***

İran səfiri ölkəsinin İsrailə hücumu ilə əlaqədar Belçika Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Nazirliyin yaydığı məlumatda bildirib.

“Belçika İran İslam Respublikasının səfirini çağırır və İranın İsrailə hücumunu kəskin şəkildə pisləyir”, – vurğulanıb.