
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Adanadan Kahramanmaraş şəhərinə yola düşüb.
Globalinfo.az “Report”a istinadən xəbərin verir ki, Azərbaycanın xilasediciləri artıq Adananın Şakir Paşa Hava Limanından zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Kahramanmaraşa yola düşüb.
Azərbaycan FHN-in növbəti qrupunun isə bir neçə saatdan sonra Adana şəhərinə çatması gözlənilir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.
***16:28
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə yollanan Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını daşıyan təyyarə Adana şəhərinə çatıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, təyyarə Adanada Şakir Paşa Hava Limanına eniş edib.
Daha sonra FHN əməkdaşları xilasetmə işləri ilə bağlı zəlzələnin baş verdiyi ərazilərə yollanacaq.
***14:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 400 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.
FHN-dən Globalinfo.az-a verilən məlumata görə, qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyəti daxildir.
Axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.
***13:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına köməklik göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 370 nəfərdən ibarət şəxsi heyət Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb.
Uçuşdan əvvəl şəxsi heyətə müvafiq təlimatlar verilib.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2 323 nəfər yaralanıb. 1 710 bina dağılıb.
***10:00
Bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.
Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib
Əlavə məlumat veriləcək.
