Suriya Daxili İşlər Nazirliyi 2013-cü ildə Dəməşqin Tadamun rayonunda baş verən kütləvi qətllərdə iştirak şübhəsi ilə sabiq kəşfiyyat əməkdaşı Əmcəd Yusifi saxlayıb.
Globalinfo.az xəbər verir ki, istintaqın məlumatına görə, o, internetə sızdırılan video kadrlarda gözləri bağlı və qandallı insanlara qaçmağı əmr edir.
Bundan sonra isə onlara atəş açılır. Bildirilir ki, həlak olanların cəsədləri ən azı 41 nəfərin tapıldığı kütləvi məzarlığa atılıb və daha sonra həmin ərazi yandırılıb.
Suriya DİN əməliyyatın diqqətlə planlaşdırıldığını açıqlayıb. Nazir Anas Xəttab şübhəlinin hazırda nəzarət altında olduğunu qeyd edib.
Suriyada 2024-cü ilin dekabrında baş verən hakimiyyət dəyişikliyindən sonra “Human Rights Watch” təşkilatının hüquq müdafiəçiləri “Tadamun”da yeni kütləvi məzarlıqların aşkar edildiyini və vətəndaş müharibəsi dövrünə aid əlavə cinayət sübutlarının ortaya çıxdığını bildiriblər.
Suriya hakimiyyəti Tadamun meydanında baş verən hadisələrdə iştirak edən bütün şəxslərin məsuliyyətə cəlb olunacağını açıqlayıb.
Əliyar Xəlil