Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə və Fransa xarici işlər naziri Jan Noel Baronun son çıxışı Bakıya qarşı növbəti təzyiq kimi dəyərləndirilir. Bildirilir ki, regiondan kənar bəzi qüvvələr Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı çıxır və bununla bağlı ardıcıl açıqlamalar verilir. Buna baxmayaraq, bölgədə sülh və təhlükəsizliklə bağlı ən fəal mövqeni Azərbaycan sərgiləyir.
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Azərbaycanın sülh gündəliyinin əsas təşəbbüskarı və icraedicisi olması danılmaz faktdır:
“İlk gündən etibarən ölkəmizin mövqeyi ondan ibarət olub ki, sülh danışıqları və normallaşma prosesi yalnız region dövlətlərinin birbaşa iştirakı, qarşılıqlı tanınmış reallıqlar əsasında aparılmalıdır. Rəsmi Bakı uzun müddətdir vurğulayır ki, kənar aktorların emosional, siyasi və ya birtərəfli qiymətləndirmələri real danışıqlar prosesinə əlavə təzyiq elementi yaradır. Bu da yekun sülh sazişinin ləngiməsinə səbəb ola bilər. Məhz buna görə də Azərbaycan Avropa Parlamenti və bəzi Avropa ölkələrindən gələn haqsız tənqidləri təbii olaraq qərəzli mövqe kimi qiymətləndirir. Bu, bir neçə səbəblə izah olunur. Birincisi, həmin bəyanatlarda Qarabağ münaqişəsinin hüquqi, siyasi nəticələri Azərbaycanın mövqeyi və mövcud reallıqlarla tam uyğun gəlmir. İkincisi, insan hüquqları və humanitar məsələlərlə bağlı mesajlardan daha çox siyasi məqsədlər üçün istifadə olunur. Nəhayət, Avropa institutlarının Cənubi Qafqaza artan marağı regiondakı proseslərə təsir vasitəsinə çevrilir”.
Yusif Bağırzadə
Politoloq bildirib ki, bu səbəbdən də Azərbaycan həmin bəyanatları sülh prosesinə dəstək yox, siyasi təzyiq elementi olaraq görür:
“Azərbaycanın regionda güclənməsini öz maraqlarına maneə hesab edən bu dairələrin əsassız bəyanatları göstərir ki, onlar Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı deyillər. Son illərdə hərbi, diplomatik və iqtisadi baxımdan güclənən Azərbaycan regionda əsas söz sahibi olan ölkələrdən birinə çevrilib. Ona görə də sülh prosesi ölkəmiz üçün təkcə diplomatik məqsəd deyil, eyni zamanda postmünaqişə dövrünün möhkəmləndirilməsi və yeni regional düzənin formalaşdırılması vasitəsidir. Odur ki, bu düzənə əngəl qismində çıxış edənlərlə bağlı Azərbaycanın sərgilədiyi mövqe tamamilə əsaslıdır”.
Qeyd edək ki, bundan əvvəl Xarici İşlər Naziliyi Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun mayın 6-da Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd etmişdi.
“Fransa naziri tərəfindən Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsi ilə bağlı “Dağlıq Qarabağ” kimi ifadələrin istifadəsi qəbuledilməzdir. Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həyata keçirdiyi haqq-ədalət müharibəsindən sonra bölgədə davamlı sülh üçün şərait yarandığı bir dönəmdə Fransa tərəfinin Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, mədəni və dini irsin qorunmasını şübhə altına alan bu kimi təhrikçi açıqlamaları qətiyyətlə pisləyirik”, – Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə demişdi.
Ləman İmran
Globalinfo.az