Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin noyabrın 7-də imzaladığı fərmanla yeni publik hüquqi şəxs – Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) yaradılıb. Həmin holdinqi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) idarə edəcək. Bu da özlüyündə müəyyən sualların ortaya çıxmasına səbəb olub.
Globalinfo.az-ın ötən məqaləsində RİNN-ə bu qədər səlahiyyət verilməsi təhlil olunmuşdu. Bildirilmişdi ki, bu addımla Rəşad Nəbiyev super nazir olur. Bu qədər iri təşkilatın idarəçiliyinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilməsi bunu deməyə əsas verir.
Bəs bu addım hansı effektiv nəticə ilə yekunlaşacaq?
Globalinfo.az-a danışan iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov deyib ki, ölkə Prezidenti dövlət idarəetməsini təkmilləşdirilməsi ilə bağlı mühüm qərarlar qəbul edib, addımlar atır:
“Dünya iqtisadiyyatında dərinləşən böhran dövlətlər qarşısında yeni çağırışlar formalaşdırır. Bu yeni çağırışlar dövlətin iqtisadiyyatda iştirak payının xeyli dərəcədə artması ilə müşahidə edilir. Faktiki olaraq dövlətlər iqtisadiyyatdakı rolunu kəskin şəkildə artırmalı olur. Buna görə Azərbaycanda da həmin istiqamətdə işlər görülür. Prezident İlham Əliyev son illər aidiyyəti dövlət qurumlarının funksiyalarının təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul edir”.
Elşad Məmmədov
Elşad Məmmədov AZCON-un yaradılması nəticəsində nəqliyyat və kommunikasiya sistemində idarəetmənin hansı istiqamətdə dəyişəcəyinə də aydınlıq gətirib:
“Bu, həmin holdinqin menecmentinin idarəetmə personalının fəaliyyətinin nə qədər effektiv olacağından asılıdır. Dövlət başçısı lazım olan bütün funksionalı holdinq üçün formalaşdırıb. Bundan sonra holdinqin fəaliyyətinə əsasən müəyyən proqnozlar verilə bilər”.
Xatırladaq ki, qəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir. O, son illər ulduzu parlayan kadrlar sırasında öndə gələnlərdəndir. Ekspertlərin rəylərinə görə, R.Nəbiyevin bacarıqlı kadr olması, işinin öhdəsindən yüksək səviyyədə gəlməsi ona etimadı daha da artırır.
Safura Bənnayeva
Globalinfo.az