“Rusiyadan Ermənistana təhlükə var?” sualına Qriqoryan belə cavab verdi

“Ermənistanın müstəqilliyinə və suverenliyinə təhdidlər bir neçə ölkədən gəlir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristin Qriqoryan deyib.

“Ermənistanın təhlükəsizlik sektorunda islahatlar aparılır. Bütün müasir ölkələrdə xarici təhlükəsizlik çağırışlarının həm daxili, həm də xarici oyunçuları var. Ermənistan da istisna deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları onları müəyyənləşdirir və cinayət işləri də buna sübutdur”, – Qriqoryan bildirib.

Rusiyadan Ermənistana təhlükə olub-olmaması ilə bağlı suala Xarici Kəşfiyyat Xidmətinin rəhbəri belə cavab verib:

“Ermənistanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhdidlər bir neçə ölkədən gəlir. Biz işləyirik və əlimizdən gələni edirik. Amma Azərbaycanla münasibətlər lazımi qaydada normallaşana qədər hərbi təhlükəmiz olacaq. Buna ciddi yanaşmaq lazımdır. Biz bu riskləri hər gün lazımi şəkildə qiymətləndiririk və Baş nazirə təqdim edirik”, – deyə Qriqoryan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az