Ermənistan “hazır” vəziyyətə gətirilir – Paşinyan tələsir

Ermənistan Baş naziri Nikol Paşinyan yeni müharibədən yayınmaq üçün Azərbaycanın tələb etdiyi kəndlərin azad edilməsinin zəruri olduğunu bildirib. O qeyd edib ki, Bağanisdən (Bağanis Ayrım) Berkaberə (Bibiş) qədər olan ərazidə dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesinə başlamaq nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev də son çıxışlarında sülhə daha yaxın olduğumuzdan bəhs edib.

Maraqlıdır, bu proses nədən xəbər verir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli deyib ki, Ermənistan sülh sazişindən qaça bilməyəcək:

“Rəsmi İrəvanın taleyi bundan asılıdır: Azərbaycanla delimitasiya və demarkasiya prosesini qısa müddətdə başa çatdırmalıdır. Ermənistan sərhədlərin dəqiqləşməsindən sonra Qərb dövlətlərinin maraqlarına cavab verəcək duruma gələcək. Başda ABŞ, Fransa və Almaniya olmaqla ümumilikdə Qərb dövlətləri İrəvanın bu prosesi tezləşdirməsində maraqlıdır. Azərbaycan isə işğal altında olan 8 kəndin geri qaytarılması fonunda prosesin başa çatmasını istəyir. Ermənistanın kəndləri geri qaytarmaqdan başqa yolu yoxdur. Əks halda ciddi problemlər qalmaqda davam edəcək. Doğrudur, hazırda anklav olan 4 kəndin geri qaytarılması istiqamətində hər iki tərəfdən fikirlər səsləndirilir, lakin digər kəndlər də diqqətdə saxlanılmalıdır”.

F.Ələkbərlinin fikrincə, danışıqlar prosesinə Zəngəzur dəhlizinin açılması məsələsinin daxil edilməsi də gözlənilir:

“Azərbaycan 86.6 min kvadrat kilometr ərazini tamamilə bərpa edib sülh sazişi bağlamaq istəyir. Ermənistanın bütün manevrləri tükənib. Rusiyadan da təhdidlər artır. Zəngəzur məsələsinin gündəmdə qalmasında Moskva da maraqlıdır və bundan həm də İrəvana qarşı təzyiq mexanizmi kimi istifadə edir”.

Safura Bənnayeva
Globalinfo.az