Gürcüstandakı siyasi qalaqurmada Paşinyan izi – Rusiya son anda xəbər tutdu

“Məlum olduğu kimi yeni ilin ilk ayı başa çatmamış Gürcüstanda siyasi dairələrin təəccübünə səbəb olan hadisələr cərəyan etməyə başladı. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verdiyini bəyan etdi”.

Bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, Qaribaşvilinin xüsusi brifinqdə dediyi kimi, o, istefası barədə qərarını əvvəlcə, komanda ilə, yəni “Gürcü Arzusu”nun liderləri ilə müzakirə etdikdən sonra verib:

“Siyasi komandamızın ən mühüm komponentlərindən biri rotasiya prinsipinə əsaslanan daxili demokratiyadır. Komandamızda bacarıqlı liderlər çoxdur və başqalarına da özlərini sübut etmək imkanı vermək gərəkdir. Siyasi Şurada seçki kampaniyası başlayana qədər qalmaq imkanını müzakirə etdiyimi sizdən gizlətmirəm. Lakin bunu indi etmək qərarına gəldim. Növbəti baş nazirin vaxtında öz komandasını təqdim etməsi və yeni hökuməti formalaşdırması vacibdir” – deyə, Qaribaşvili bildirib.

Fevralın 8-də isə Gürcüstan parlamenti İrakli Kobaxidzenin yeni baş nazir təyin edilməsini və hökumətin yeni tərkibini təsdiqləyib. 45 yaşlı Kobaxidze 2012-ci ilin payızından Gürcüstanda hakimiyyətdə olan “Gürcü arzusu”nun yeddinci baş naziri olub.

İrakli Kobaxidze

45 yaşlı İrakli Kobaxidzeyə gəlincə, o, “Gürcü Arzusu”nun əsas spikerlərindən biridir. 2021-ci ilin yanvarından Kobaxidze “Gürcü Arzusu” – Demokratik Gürcüstan partiyasının sədri vəzifəsini tutub. Ona qədər, 2016-2019-cu illərdə Gürcüstan parlamentinin spikeri olub. Kobaxidze ixtisasca hüquqşünasdır. O, Tbilisi Dövlət Universitetində və Düsseldorfda, Almaniyanın Heinrich Heine Universitetində hüquq üzrə bakalavr və magistr dərəcələrini alıb.

Bu hadisəyə qədər isə Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişvili siyasətə qayıtdığını elan edərək Gürcüstana dönmüş və ölkənin hakim “Gürcü arzusu” – Demokratik Gürcüstan partiyasının qurultayında fəxri sədr seçilmişdi.

Qurultayda çıxış edən İvanişvili bildirmişdi: “Düz üç il əvvəl ictimaiyyəti aktiv siyasi proseslərdən uzaqlaşmaq qərarım barədə məlumatlandırmışdım. Bu gün isə öz təşəbbüsüm ilə partiyanın fəxri sədri statusunda siyasi həyata qayıdıram”.

Bidzina İvanişvili

Qeyd edək ki, İvanişvili siyasi fəaliyyətini 2021-ci ilin əvvəlində başa vurmuşdu. Belə ki, o, bu zaman “Gürcü arzusu – Demokratik Gürcüstan partiyasının rəhbəri postunu tərk edib və siyasətdən getdiyini açıqlayıb. 67 yaşlı siyasətçi 2012-ci ilin oktyabrından 2013-cü ilin noyabrına qədər Gürcüstanın Baş naziri olub”.

Ə.İbrahimov qeyd edib ki, bu yerdəyişmə siyasi dairələri ona görə təəccübləndirmişdi ki, Bidzina İvanişvili rotasiya baş verənə qədər hakimiyyətdəki bu dəyişiklik barədə heç yerdə məlumat verməmişdi və heç kim belə bir dəyişikliyin mümkün ola biləcəyini təsəvvür etmirdi:

“İrakli Qaribaşvili vəzifəsinin öhdəsindən gələ bilən Baş nazir imici qazanmışdı və növbəti parlament seçkilərinə qədər hakimiyyət başında məhz onun duracağını düşünürdülər. Eyni zamanda həm seçkilərə hazırlıq , həm də seçki ərəfəsində dövlətə başçılıqda Qaribaşvilinin daha səriştəli olmasını hamı qəbul edirdi.

Bu dəyişikliyin baş verməsini Gürcüstan müxalifəti və həm də iqtidar mənsubları müxtəlif səbəblərlə əlaqələndirdi. Hamısının gəldiyi nəticə bir idi: dəyişikliyinin səbəbkarı “Gürcü Arzusu” partiyasının yaradıcısı, 2023-cü ilin dekabrında partiyanın fəxri sədri kimi siyasətə qayıdan milyarder Bidzina İvanişvilidir. Bununla da müzakirələr bitdi, amma suallar hələ də qalmaqda davam edir. Nədən İvanişvili İrakli Qaribaşvilinin qarşıdakı seçkilərə hazırlıq mərhələsində daha uğurlu fəaliyyət göstərəcəyini bildiyi halda bu dəyişikliyə getdi? Onu buna məcbur edən nə idi?

Xatırladaq ki, İrakli Qaribaşvili istefa verməzdən 3 gün öncə, yanvarın 26-da Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisiyə səfər edir, burada Gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə bağlı qapılar arxasında danışıqlar aparır, həmçinin iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın iclasında iştirak edir.

Paşinyan Gürcüstanın Baş naziri ilə görüşüb

26 yanvar 2023-cü il. Nikol Paşinyan İrakli Qaribaşvili ilə görüşür

Baş nazirlər strateji tərəfdaşlıq haqqında saziş də imzalayırlar. Bu sazişin Avropa İttifaqı rəsmilərinin Gürcüstana və şəxsən İrakli Qaribaşviliyə təzyiqi nəticəsində ərsəyə gəldiyini düşünənlər var. Avropa strukturlarının Azərbaycana təzyiqləri istədikləri nəticəni vermədikdə Fransanın təhriki ilə onlar Ermənistanı Rusiyadan gələn təhlükədən xilas etmək üçün onu Gürcüstanla strateji tərəfdaşa çevirmək istəyirdilər. Buna görə də Qaribaşviliyə təzyiq etməklə buna nail olacaqlarını düşündülər. Amma sazişin mürəkkəbi qurumamış Rusiya və Bidzina İvanişvili xəbər tutdu. Elə ona görədir ki, sözügedən sazişin hansı maddələrdən ibarət olduğunu baş nazirlərdən başqa heç kim bilmir. Çünki onu çap olunmuş variantda heç kim görməyib.

İrakli Qaribaşvili səhv etdiyini başa düşəndə artıq gec idi. Onun baş nazir postundan getməsi qərara alınmışdı. Belə olmasaydı, gələcəkdə Gürcüstan hakimiyyətində bu səviyyədə səhv edənlərin sayı daha çox ola bilərdi ki, bu da Rusiyanın region siyasətinə uyğun deyil.

Bu hadisə Rusiyanın Ermənistanı cəzalandırmaq istiqamətində proseslərin çoxdan başladığını iddia edənlərin haqlı olduğunu düşünməyə əsas verir”.

Turan Rzayev
Globalinfo.az