Ermənistanın bunu anlamağa başlaması yaxşı haldır – Nazir

Ermənistanın firavanlığın yolunun əməkdaşlıqdan keçdiyini anlamağa başlaması yaxşı haldır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Tbilisidə keçirilən Beynəlxalq İpək Yolu Forumunun Orta Dəhlizə həsr edilmiş panel müzakirəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Moderatorun “Ermənistan və Azərbaycan arasında davam edən gərginlik Orta Dəhliz layihəsini relsdən çıxarmaq riski yaratmırmı?” sualına cavabında bildirib ki, Azərbaycan əməkdaşlığın doğurduğu qarşılıqlı asılılıqdan heç vaxt narahat olmayıb.

“Əməkdaşlıq varsa müəyyən səviyyədə qarşılıqlı asılılıq var. Cahil yanaşma budur ki, sən hamıdan azad olduğunu düşünürsən. Əməkdaşlıq etdiyin zaman anlayırsan ki, qarşılıqlı asılılıq sabitlik, sabitlik isə nəhayətində firavanlıq gətirir. Ermənistanın 4 qonşusundan ikisi ilə əlaqəsinin olmaması o deməkdir ki, o, əlaqələrinin 50 faizinə malik deyil. Azərbaycanın isə 5 qonşusundan yalnız biri ilə heç bir əlaqəsi yoxdur ki, bu da 20 faiz təşkil edir. Bu yaxşıdır ki, onlar (Ermənistan – red.) anlamağa başlayıblar ki, firavanlığın yolu mənim əvvəl dediyim formuladan keçir – əməkdaşlıq – stabillik – firavanlıq”, – Rəşad Nəbiyev deyib.

Nazir “Orta Dəhliz”in Şimal dəhlizindən daha təhlükəsiz, okeanlardan isə daha sürətli olduğunu vurğulayıb.