Ermənistan Zəngəzura “saatlı bomba” yerləşdirir – Mürəkkəb dövr başlayır

Azərbaycanda ötən ilin bu günləri gündəmdə olan əsas məsələlərdən biri Qarabağın sülhməramlıların nəzarətindəki hissəsində suverenliyimizin bərpa edilməsi idi. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatlarından sonra bu missiya uğurla yerinə yetirildi: Xankəndi, Xocalı, Ağdərə və digər ərazilərdə Azərbaycan Bayrağı qaldırıldı. Hazırda isə əsas müzakirə mövzusu Naxçıvanın Kərki və Qazaxın 7 kəndinin qaytarılması, həmçinin Zəngəzur dəhlizinin açılmasıdır.

Maraqlıdır, hazırda reallaşması çətin görünən bu məsələlərin taleyi necə olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, son 4 il ərzində xəyal etdiklərimiz reallaşdı:

“Bu, təsadüfi deyil, uzunmüddətli strateji hədəf idi. Ərazilərimiz işğaldan azad edilib, suverenliyimiz bərpa edilib. Naxçıvanın Kərki və Qazaxın 7 kəndinin azad edilməsi mühüm hədəfdir. İrəvan gah 4 kəndi qaytaracağını deyir, gah da prosesdən yayınır. Ermənistana qarşı üçüncü qüvvələrin basqı mexanizmi işə düşməsə, rəsmi İrəvanla dil tapa bilərik. Çox təəssüf ki, dünyanın müxtəlif gücləri Ermənistanı sülhdən yayındırmağa çalışırlar. Lakin Azərbaycan ilkin mərhələdə Qazaxa bitişik 4 kəndin qaytarılmasını zəruri hesab edir”.

Politoloq qeyd edib ki, aprelin 5-də Brüsseldə baş tutacaq Ermənistan-ABŞ-Aİ üçtərəfli görüşü maraq və tərəddüdlə gözlənilir:

“Görüşün təhlükəsizlik məsələləri ilə bağlı olmadığı deyilir. Sözügedən görüşün nəticələri haqda yalnız oradakı danışıqlardan sonra konkret nəsə demək olar. Rəsmi Bakının bu görüşə münasibəti o qədər də isti olmadı. Çünki hər belə görüşdən sonra Ermənistan sülh prosesindən yayınır”.

S.Hümbətov xatırladıb ki, Fransa, Hindistan Ermənistanı silahlandırır, Yunanıstan, ABŞ və İran açıq şəkildə dəstək verir:

“Ümumiyyətlə, Bakı və İrəvan arasında proseslərə müdaxilə olmazsa, Azərbaycan qısa müddətdə 8 kəndi geri qaytara bilər. Həmçinin Zəngəzur dəhlizinin açılması istiqamətində müsbət dinamika müşahidə olunar. Lakin tam əksini müşahidə edirik. Ermənistan sərhədə qoşun, hərbi texnika yığır, hücum mövqeləri hazırlayır. Beynəlxalq aləmdə də guya Azərbaycanın hücum edəcəyi fikri yaradır. Reallıqda isə belə bir plan yoxdur. İrəvan ikili oynayır. Qarşıda regionu olduqca mürəkkəb dövr gözləyir”.

Safura Bənnayeva
Globalinfo.az