Ermənistan yeni Aprel müharibəsini başlada bilər – Gərginlik

2020-ci il 10 Noyabr bəyanatının ilkin variantında Qazaxın kəndləri ilə bağlı bənd var idi, lakin sonradan çıxarıldı. Ermənistan Baş naziri Nikol Paşinyan həmin vaxt sözügedən kəndlərin qaytarılması məsələsinə razı olmadığını iddia edib. İndi isə o, ən azı 4 kəndin Azərbaycana qaytarılmasına razı olduğunu deyir. Ermənilər həmin kəndlərin strateji əhəmiyyət daşıdığını vurğulayırlar.

Maraqlıdır, 2020-ci ildə Qazaxın işğaldakı kəndlərinin qaytarılmasına razı olmayan Paşinyan hazırda niyə loyal mövqe tutur?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Ramiz Alıyev deyib ki, Azərbaycanın Ermənistana təqdim etdiyi 5 prinsip Praqa və Brüssel görüşlərində müzakirə olunmuşdu:

“Paşinyan bu sənədi qəbul etdiyini bildirmişdi. Sadəcə, Fransa və digər Qərb ölkələrinin təzyiqlərindən sonra fikrindən daşındı. Kəndlərlə bağlı da İrəvandan ziddiyyətli açıqlamalar verilir. Bunun qarşısını almaq istəyənlər var.

Azərbaycan Ordusu istər 44 günlük müharibə, istərsə də antiterror əməliyyatları zamanı öz qətiyyətini göstərib. 8 kənd rəsmi Bakıya qaytarılmasa, növbəti antiterror əməliyyatının keçirilməsi istisna deyil”.

Politoloq qeyd edib ki, aprel ayının 5-də Avropa İttifaqı, ABŞ və Ermənistanın birgə konfransı keçiriləcək:

“Bu da Cənubi Qafqazda sülh və sabitliyin pozulmasına səbəb olacaq. Nikol Paşinyan başa düşməlidir ki, Qərb Ukrayna kimi Ermənistanı da oyuna gətirir. Paşinyan Moskvaya çağırılıb. Güman ki, bu da xəbərdarlıq xarakteri daşıyır. Uzaq Qərbdən hər hansı dəstəyin alınmasının İrəvanı təxribata sürükləyəcəyini çatdıracaqlar.

Fikrimcə, Ermənistanın gələcəyini düşən hökumət başçısı Aİ və ABŞ-la görüşüb Cənubi Qafqazda yeni müharibənin təməlini qoymaz. İrəvan ciddi düşünüb, addım atmalıdır. Paşinyan bu gün əhalini, Rusiyanı və Qərbi aldadır. Bu görüşlər Rusiya və İranın maraqlarına uyğun deyil”.

Safura Bənnayeva
Globalinfo.az