Ermənistandan gərginlik yaradacaq addım – Rusiya və İran prosesə qoşuldu

Son günlər yerli və xarici mediada ABŞ hərbçilərinin sülhməramlı təlimləri başa çatdıqdan sonra Ermənistandan tamamilə çıxmadıqları, bir hissəsinin Sünik vilayətində (Zəngəzur – red.) yerləşdirildiyi ilə bağlı məlumatlar dərc olunur. Görünür, Zəngəzur dəhlizində Tehran-Moskva-Qərb savaşı qızışır.

Azərbaycan bu qarışıq vəziyyətdə hansı qlobal güclə anlaşacaq? Rusiya ilə anlaşsa, Qərblə tərs düşəcək, ABŞ-la razılaşsa, Rusiya və İranı qarşısına alacaq. Optimal variant nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, Ermənistan öz ərazisini xarici güclərin plasdarmına çevirməyə cəhd göstərir:

“İkinci Qarabağ müharibəsindən keçən 4 ilə yaxın müddət ərzində Ermənistanın yürütdüyü yanlış siyasətin nəticəsini görürük. Bu gün Ermənistanda bir-birilərinə qarşı olan ölkələrin qüvvələri cəmləşib. Rusiyanın hərbi bazası, Avropa İttifaqının mülki missiyası adı altında Almaniya, Fransa və digər ölkələrin hərbi qüvvələrini, jandarmalarını öz ərazisinə topladı. ABŞ iki ildir ki, Ermənistanla hərbi təlim keçirmək adı altında hərbçilərini rəsmi İrəvana yerləşdirib. Ən son Ruminiyadan ABŞ-a aid olan hərbi təyyarələrin Zəngəzura gəlməsi vəziyyəti gərginləşdirdi. Rusiya özünə aid olan qüvvələrə silah-sursat göndərir. Bir sözlə, bütün bunlar ondan xəbər verir ki, Ermənistan daxilində Cənubi Qafqazda yerləşmək üçün mübarizə gedir”.

Xəyal Bəşirov

Politoloqun sözlərinə görə, Ermənistan nə qədər fəaliyyətini dondursa da KTMT, Aİİ üzvüdür:

“Cənubdan İran da sözügedən prosesə qoşulub. Bu məsələdə maraq toqquşması mövcuddur. Ermənistan öz ərazisini elə böyük qüvvələrin plasdarmına çevirib ki, onların  toqquşması İrəvanın alovun içərisində qalmasına səbəb olacaq. Azərbaycanın mövqeyi də məlumdur. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda sülhün yaranması üçün rəsmi Bakı əlindən gələni edib. “3+3″ formatında region ölkələrinin əməkdaşlığını təklif edib. Qonşu ölkələrlə münasibətlərimiz bəllidir. İranla qonşuluq, əməkdaşlıq münasibətlərimiz var. Çox uzun illər ərzində regionda yerləşən qonşu xalqlar, dövlətlər kimi bərabər hüquqlu əməkdaşlıq etmək , regionu inkişaf etdirməyə xidmət edən siyasət ortaya qoymağa çalışırıq. Rusiya ilə münasibətlərimiz də eyni formadadır”.

X.Bəşirov qeyd edir ki, ABŞ daxilində bəzi ermənipərəst qüvvələr Azərbaycana qarşı addımlar atmağa cəhd ediblər:

“Azərbaycanın ABŞ-la çox böyük və dərin əməkdaşlığı olub, bu gün də davam etdirilir. Dövlətimizin və dövlətçiliyimizin maraqlarına xidmət edən, regionu mümkün qədər qarşıdurmalardan kənarda saxlayan qüvvələrin bir-biriləri ilə gərginliyinin Cənubi Qafqaza daşınmasını istisna edən məqamlarla bağlı əməkdaşlığa hazırdır. Azərbaycan Zəngəzur dəhlizin reallaşdırılmasında ona görə maraqlıdır ki, Cənubi Qafqaz ölkələrinin sosial, iqtisadi vəziyyətinin inkişafına böyük təkan verəcək. Zəngəzur dəhlizi böyük bir layihənin tərkib hissəsidir. Bu Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsinə hesablanmış addımdır”.

Safura Bənnayeva
Globalinfo.az