Ermənistan Azərbaycana təzminat ödəməlidir – Fərid Şəfiyev

Ermənistan Azərbaycan ərazilərini mina ilə çirkləndirdiyinə görə təzminat ödəməlidir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

Onun sözlərinə görə, mina problemi Ermənistan və Azərbaycan arasındakı normallaşma prosesində vacib hissəni təşkil edir:

“Mina probleminin miqyası çox böyükdür və bu məsələ ilə mübarizədə Azərbaycana kifayət qədər beynəlxalq dəstək verilmir. Xüsusən də mövzu Ermənistan olduqda humanitar şou sərgiləyən dövlətlər. Ermənistan və Azərbaycan arasında münaqişə Azərbaycan ərazisində baş verib və dağıntılar, mina ilə çirklənmə məhz Azərbaycan torpaqlarında baş verib. Buna baxmayaraq, Azərbaycana müvafiq həcmdə yardım göstərilmədi. Azərbaycan ərazilərinin mina ilə çirkləndirilməsi Ermənistanın təcavüzkar və işğal siyasətinin mahiyyətini ortaya qoyur. Özü də həmin minaların böyük qismi Ermənistanda istehsal olunub”.