Ermənilərdən növbəti xainlik – İsrail-Azərbaycan münasibətlərini pozmaq PLANI

 

“İsrail-Azərbaycan əməkdaşlığının zəifləməsi üçün ABŞ-dakı erməni diaspor təşkilatları fəaliyyətə keçib”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, son üç ayda İsrail və ABŞ-dakı bəzi fəallar həm Yaxın Şərq, həm də okeanın o tayındakı informasiya resurslarında İsraili Azərbaycana dəstəyi dayandırmağa çağırırlar:

“Əsas tezis: Holokostdan sağ çıxan yəhudilər indi guya Qarabağda ermənilərin qondarma “soyqırımına” şərik olurlar.

Avqustun birinci ongünlüyündə isə İsraildəki bir qrup yəhudi ziyalı və alim Prezident İshaq Hersoqa müraciət edərək Qarabağ bölgəsində cərəyan edən “humanitar böhranın” həllinə köməklik göstərməyi xahiş ediblər.

Görünən odur ki, düşmən yatmır və bütün imkanlarından istifadə edərək İsrailin Azərbaycana dəstək verməməsi üçün əlindən gələni edir. Lakin İrəvan və erməni diaspor təşkilatlarının öz məqsədlərinə çatmayacağı dəqiqdir. Azərbaycan-İsrail müttəfiqliyi situativ deyil, dərin fəlsəfəyə və milli identikliyə bağlanır. Azərbaycanda yəhudi məskənləri var, tarixən burada yəhudilərlə azərbaycanlılar mehriban şəraitdə yaşayıb. Qafqazdakı bu icmanın varlığının davam etdirilməsi hər iki ölkəyə lazımdır.

Digər tərəfdən, beynəlxalq münasibətlər sistemində geosiyasi amillər olduqca önəmlidir və tərəfləri bir-birinə bağlayan həm də təhlükəsizlik, inkişaf və bu kimi mövzularda üst-üstə düşən reallıqlardır”.

Politoloq deyib ki, Ümumdünya Yəhudi Konqresinin (WJC) prezidenti, Avrasiya Yəhudi Konqresinin və Rusiya Konqresinin (RJC) nümayəndə heyəti ilə Bakıda müxtəlif görüşlər keçirilib:

“İsrail-Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq və təhlükəsizlik istiqamətində nailiyyətlərə mane olmaq üçün bir qrup ekspert tərəfindən bölgə üçün alternativ güc balansı Paris-Tehran-İrəvan birliyi təklif olunur. Lakin Azərbaycanın İsrail ilə müttəfiqliyi İrana yönəlik deyil. Azərbaycan-İsrail, Azərbaycan-Türkiyə hərbi-siyasi əməkdaşlığı bölgədə separatizm və işğalçılığın dəf edilməsinə yönəlib”.

Turan Rzayev
Globalinfo.az