Ermənilərin gözlənilən Qarabağ həmləsi – Bakı yeni əməliyyat keçirə bilər

Ermənilər son məğlubiyyətdən sonra geri çəkilsələr də, bəzi ekspertlərin fikrincə, yenidən təşkilatlana, kiçik qruplar halında terror və təxribatlar törədə bilərlər. 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, ordumuzun keçirdiyi uğurlu lokal antiterror tədbirlərindən sonra ermənilərin yenidən təşkilatlanması mümkün deyil:

“Faktiki olaraq bu gün Azərbaycan ərazisində təşkilatlanıb terror törədəcək, separatçı fəaliyyəti davam etdirəcək qədər erməni yoxdur. Ermənilərin çoxu antiterror tədbirindən sonra öz istəyi ilə ərazini tərk etdi. Ola bilər ki, onlar sonradan Qarabağa qayıtsın, lakin bu da bizi narahat etməməlidir. Hazırda Qarabağda həm DİN, həm də digər təhlükəsizlik qüvvələri yüksək peşəkarlıqla xidmət edirlər.

Hesab edirəm, separatizmin kökünü kəsməyi bacardıq. Ən önəmlisi isə gələcəkdə separatizmi alovlandıracaq ünsürləri də Bakıya gətirib həbs etdik. Başsız bədən olmadığı kimi, lidersiz separatizm də olmaz.

Qabil Hüseynli

Lakin gələcəkdə ermənilər Qarabağa qayıdarkən onların arasında ASALA kimi terror təşkilatları mənsublarının olmamasına diqqət etmək lazımdır. Təəssüf ki, ASALA təhlükəsi günbəgün böyüyür. Söhbət təkcə Azərbaycandan getmir, Türkiyə və digər region ölkələri də bu təhlükədən sığortalanmayıb. Məhz buna görə ASALA gücünü bərpa etməmiş Azərbaycan və Türkiyə kəşfiyyatı müvafiq tədbirlər görməli, ölkə xaricində əməliyyatlar keçirməlidir”.

Turan Rzayev
Globalinfo.az