Ermənilər hücuma keçir, Fransa ordusu regiona girir – Şok ssenari

Son günlər Ermənistanın Cermuxdan Azərbaycana hücum edəcəyi barədə məlumatlar yayılıb. Hətta AzTV-nin “Həftə” analitik proqramında bununla bağlı süjet efirə gedib.

Bəzi ekspertlər iddia edirlər ki, hücumun arxasında Fransa dayanıb.

Bakı bu hücumla bağlı nə kimi tədbirlər görür? Yeni eskalasiya ehtimalı varmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, ermənilərin hücumla bağlı iddiaları əzələ nümayişindən başqa heç bir şey deyil:

“Bu ölkənin ordusu hücum edib nəticə əldə edəcək gücdə olsaydı 44 gün ərzində “məğlubedilməz ordu” xülyalarını doğruldardı. Ən son anti-terror tədbirlərində dəstəklədikləri separatçıların 23 saatlıq ömrünün olduğunu göstərməzdi.

Bu iddialar uzun müddətdən bəri Qərbin manipulyasiya etdiyi “sərhəd xəttində eskalasiya” xofunu doğrultmağa hesablanıb. Onlar çox yaxşı anlayır ki, antiterror tədbirləri yalnız separatizmin kökünü kəsmədi, həm də sərhəddəki təxribatların qarşısını almış oldu. Bu minvalla belə bir iddianın tirajlanması Qərbin və İrəvanın çirkin maraqlarına əsaslanır. Məqsəd xof yaratmaq, gərginlik ab-havası formalaşdırmaq və bu mənzərə fonunda “mülki missiya” adı verdikləri hərbi bazanı bölgəyə yerləşdirməkdir.

Züriyə Qarayeva

Hədəflərdən biri həm də Rusiyadır. Əlbəttə ki, ssenarinin əsas müəllifi Fransadır. Son dönəm bölgədən və proseslərdən tamam kənara düşüb. Bu, daxilində problemlərlə baş edə bilməyən Parisin başqa ölkələrin işinə burun soxma ehtiyacından da qaynaqlanır. Başqa cür varlığını isbatlaya bilməyən Fransa Ermənistanı sabotaj etməklə öz “gücünü” göstərir. O “güc”ün qarşısında necə gücün dayandığını isə biz 2020, 2021, 2022, 2023-cü illərdə göstərmişik. Təkrar biliyin anasıdır, ancaq budəfəki təkrar onların analarını ağlar qoya bilər”.

Turan Rzayev
Globalinfo.az