Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “İstanbulun vədi: Birlik, İradə, Zəfər Proqramı”nda çıxışında “2023-cü il seçkilərində tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz” deyə seçkilərdə qalib gələcəyinə əminliyini ifadə edib.
Türkiyə Prezidenti Ərdoğanın bu əminliyi nə ilə bağlıdır?
Politoloq Vaqif Hüseyn Globalinfo.az-a Türkiyənin 2023 perspektivi haqda şərh verib. Bildirib ki, 2023-cü il seçkiləri Türkiyə üçün çox mühüm hadisədir.
Onun sözlərinə görə, əvvəl AK Partiya və onun liderinin şəksiz üstünlüyündən danışırdıqsa, indi bunu demək bir qədər çətindir:
“Bunun da əsas səbəbi bütün dünyada hökumətləri çətin duruma salan iqtisadi vəziyyətdir. Türkiyədə əhalinin gəlirləri, xüsusilə alıcılıq qabiliyyəti ilə bağlı hökumətə yönəlik tənqidlər çoxdur. Biz bunun ilk siqnallarını bələdiyyə seçkilərində görmüşdük. 2019-cu ildə CHP son 25 ildə İlk dəfə olaraq milliyətçi-mühafizəkar qüvvələrin əlində olan üç böyük şəhərdə – İstanbul, Ankara, Adanada qələbə çaldı. Təbii ki, bələdiyyə seçkilərində siyasi mənsubiyyətdən daha çox mer vəzifəsinə namizədlərin şəxsiyyətləri də böyük rol oynayır. Həmin vaxt, görünür, bələdiyyə seçkilərində namizədlərin qalib gəlmələrində özlərinin böyük rolu olub. Bunu həm Mansur Yavaş, həm də Əkrəm İmmamoğluna aid edə bilərik”.
Buna baxmayaraq, politoloq qeyd edib ki, prezident seçkilərinə bir az fərqli rakursdan baxmaq lazımdır:
“Türkiyə insanı çox şeyi lazımi şəkildə götür-qoy edə bilir. Türkiyədə bu gün oturuşmuş sistem var. 20 ildir bu ölkəni sabit şəkildə, problemsiz, hər hansı daxili çaxnaşmaya yol vermədən idarə edən iqtidar mövcuddur. Hər iqtidar kimi onlardan da narazılıqların olduğu məlumdur. Amma bu seçkilərdə Türkiyə seçicisi, fövqəladə bir hadisə baş verməsə, iqtisadi sabitliyi, əmin-amanlığı göz önünə alacaq və riskə getməyəcək.
Fikrimcə, məhz buna güvənərək Prezident Ərdoğan seçkidə qalib gələcəyinə əmindir. Bundan başqa, qarşısındakı rəqibi də özü üçün güclü saymır. Söhbət ana müxalifət partiyasının lideri Kamal Kılçdaroğlundan gedir. K.Kılıçdaroğlu müxalifətin qurduğu altılı masanın vahid namizədi olduğu halda, Prezident Ərdoğan ona qalib gələcəyinə əmindir. Kılıçdaroğlu özü də bu sistemdə artıq 12 ildir müxalifət partiyası lideridir və demək olar ki, bütün seçkilərdə Ərdoğana uduzub. Və çox güman ki, bu onun son şansı olacaq. Kılıçdaroğlu artıq tanınan bir fiqurdur. Ərdoğan vaxtilə AK Partiyadan namizədliyini irəli sürəndə yeni bir fiqur və yeni bir nəfəs idi. O vaxt xeyli səs almışdı, amma bu gün ortada başqa bir siyasətçi yoxdur. Bəziləri namizədliyini irəli sürmürlər. Bu gün Kılıçdaroğlunun alternativləri olaraq həm sol, həm sağ cəbhədən Əkrəm İmamoğlu və Mansur Yavaşın üzərində dururlar. Əsas gözləyək ki, Prezident Ərdoğanın rəqibi kim olacaq. Hesab edirəm ki, Kamal Kılıçdaroğlu olarsa, Ərdoğan özünü bu seçkidə daha əmin hiss edəcək”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı isə Türkiyə prezidentinin sözügedən çıxışı barədə bildirib ki, bu, seçki psixologiyası ilə bağlıdır:
“Seçkiyə qatılan hər adam şübhəsiz öz gücünü hamıdan artıq dəyərləndirir, qarşısındakı seçicini inandırmaq üçün gördüyü və görəcəyi işlərin hamısını ortaya qoyur, reklam edir, dediyi sözləri bəzən dəfələrlə təkrar edir.
Ərdoğanın vaxtında Türkiyənin bir çox problemləri olduğu kimi, Türkiyənin inkişafı da göz qabağındadır. Bir müddət əvvəl müəyyən mülahizələrə görə, ola bilsin, soyuq yanaşanlar da vardı, amma Türkiyənin son illərdə keçdiyi yol və Azərbaycanın yanından durması ona rəğbət qazandırır.
Amma Türkiyə demokratik ölkədir, seçimi edən, gələcək yolunu müəyyənləşdirən türk xalqı və türk seçiciləridir. Ona görə də bizim ehtimallar söyləməyimiz və yaxud tərəf tutmağımız doğru olmaz. Hər şeyi Türkiyə xalqının iradəsi həll edəcək”.
Gülnar Səlimova,