“Rasimə oynadığı Nəsimi obrazındakı kimi dərisini “soyaraq” cəza vermək istəyirlər”

Xalq artisti Rasim Balayevlə bağlı məlum dəstə mənəvi terroru davam etdirir. Nədənsə bununla bağlı bir çox tanınan ziyalılar səslərini çıxarmırlar. Məsələn, bir dəyirmi masa keçirmək, dinləmə təşkil etmək, yaxud TV-lərdə bununla bağlı müzakirələr aparmaq mümkün olardı. Bu, bir nəfərlə – məsələn, indiki halda R.Balayevlə bağlı deyil. Cəmiyyətin dəyərli üzvlərinə qarşı növbəti mənəvi-psixoloji terrorun qarşısı alına bilər. Jurnalist Aynur Camala qarşı baş verənlər yaxşı nümunədir. Ona olan mənəvi terrora qarşı sosial şəbəkələrdə və ənənəvi mediada ciddi müdafiə kampaniyası quruldu. Nəticədə qarşı tərəf geri çəkilmək məcburiyyətində qaldı. Eyni şeyi Rasim Balayevlə bağlı etmək olmazdımı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat, Xalq şairi Sabir Rüstəmxanlı deyib ki, prezidenti tərifləmək, onu Babək adlandırmaq Rasim Balayevin söz azadlığı, düşüncəsi və şəxsi fikridir:

“İndi nədir, Rasimə oynadığı “Nəsimi” obrazındakı kimi dərisini “soyaraq” cəza vermək istəyirlər? Rasim Azərbaycan səhnəsinin, kinosunun çox qüdrətli yaradıcılarından biridir. Həm “Nəsimi”, həm elə “Babək” onun istedadla yaratdığı obrazlardır. Orada prezidentə münasibətini, ölkə başçısının Qarabağda qazandığı uğurlarını, ordumuzu bu qələbəyə hazırlamasını bu cür ifadə edib. Buna görə daş-qalaq etməlidirlər?!

Cəmiyyət çox aqressivləşib. Sosial şəbəkələrdə cahillər ağıllılara, düşüncəsiz adamlar ziyalılara bu cür söz atmaqdan sanki ləzzət duyurlar, kinlərini bu formada ifadə edirlər. Bu, təbii ki, normal bir şey deyil”.

Sabir Rüstəmxanlı

S.Rüstəmxanlı deyib ki, Rasim Balayev kimi istəyər sevər, istəməz sevməz, bu onun öz fikridir, seçimidir:

“Adamın öz fikrini ifadə etməsini bu cür ortaya qoyub müzakirə etmək gülünc bir şeydir. Rasimin Azərbaycan mədəniyyəti üçün etdiklərinin qədrini bilməyən, onun etdiklərinin 1 faizini edə bilməyənlərin ona söz atması göstərir ki, həmin şəxslər normal düşüncə sahibi deyillər və ya qəsdən edirlər ki, ziyalının ömrünü qısaltsınlar, millətin sevdiyi insanları gözdən salsınlar. Öz dərisi 5 qəpiyə dəyməyənlər sosial mediada meydan sulayırlar. Çox gülməlidir!”

Ayna.az saytının baş redaktoru, Əməkdar jurnalist Elçin Şıxlı da tənqidlərə məruz qaldığını bildirib:

“Ölkə prezidenti tərəfindən mükafatlandırılan zaman mənə də hücum edildi, təzyiqlər oldu. Hətta indi də bu hallar davam edir. Düzdür, ordeni mənə şəxsən prezident özü təqdim etməmişdi, amma yenə də bəzi tiplər mənə qarşı gəldilər. Buna səbəb isə insan xisləti, böyük paxıllıq və özlərinin natamamlıq kompleksinin olmasıdır.

Rasim Balayevə qarşı aparılan təhqir kampaniyası ölkə prezidentinə yönəldilmiş bir şeydir. Onlar sözlərini prezidentə açıq şəkildə deyə bilmədikləri üçün Rasim Balayevi pisləyirlər. Rasim Balayev güclü aktyordur, istedadlı şəxslərdəndir. Ona görə də ölkə başçısı ordeni ona şəxsən özü təqdim edib. Rasim Balayev prezidenti Babəkə bənzədərək onun torpaqlarımızı 30 illik işğaldan azad etməsi ilə müqayisə edibsə, düz edib!”

Elçin Şıxlı

E.Şıxlı Xalq artistinin başına gələnlərlə bağlı məşhur lətifəni misal çəkib:

“Bir gün canavarla uzunqulaq mübahisə edir. Uzunqulaq deyir, ot qara rəngdədir, canavarsa otun yaşıl olduğunu bildirir. Bu mübahisədə kimin haqlı olduğunu çözmək üçün gedirlər meşə padşahı olan aslanın yanına. Aslan isə canavarın günahkar olduğunu bildirir. Bunu eşidən uzunqulaq sevinə-sevinə gedir ki, ot onun dediyi kimi, qaradır. Canavar aslana otun yaşıl olduğunu dedikdə, aslan cavab verir ki, “Bəli, ot yaşıl rəngdədir”. Canavar cəzasının səbəbini soruşduqda isə şir deyir: “Səni ona görə cəzalandırdım ki, sən uzunqulaqla mübahisə edirsən!” Ona görə də, mən belə düşünürəm ki, həmin yazılara əhəmiyyət verəndə, onlar özlərini daha qiymətli və vacib bir şəxs sayırlar. Bu səbəbdən də əhəmiyyət verməmək lazımdır”.

Zaira Akifqızı
Globalinfo.az