Elmar Məmmədyarov Qarabağdakı proseslərin pərdəarxasını açdı – Fransanın məqsədi və hərbi toqquşma

Globalinfo.az sabiq xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycanın Qarabağ ərazisində baş verən hadisələrlə bağlı müsahibəsini təqdim edir:

– Elmar bəy, Azərbaycan dövlətinin Xankəndi şəhərinə humanitar yardım göndərməsini necə dəyərləndirirsiniz?

– Hökumət dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdır. İndi həmin vətəndaşlarımız da “əziyyət” çəkdiklərini, çörəksiz qaldıqlarını deyirlər. Ona görə də, Azərbaycan dövləti öz vətəndaşlarına qanuni şəkildə yardım göndərdi.

– Fransa da Azərbaycan vətəndaşları olan ermənilərə “yardım” gətirir. Bəs qanun buna nə deyir?

– O TIR-ları Fransa yox, orada yaşayan ermənilər göndəriblər. Sadəcə, bəziləri ermənipərəst siyasətçiləri də bu işə cəlb ediblər. Dünyada aclıqdan əziyyət çəkən o qədər insan var, bəyəm Paris onlara kömək edir? Fransa yardım edəndirsə, elə əsl ac qalanlara etsin də! Yardımı erməni icması özü göndərib.

– Elmar bəy, TIR-larla birlikdə Fransa rəsmilərinin, hətta Paris meri Anna Hidalqonun da Azərbaycanla şərti sərhədə yollandığı deyilir.

– Paris merini tanıyıram və bilirəm ki, o, ermənilərlə çox sıx əlaqədədir. Amma yardımı, dediyim kimi, elə erməni icması göndərir. Sadəcə, bunları da özləri ilə yoldaş aparırlar. Parisin meri indiyə qədər hansısa yardımı müşayiət edib?! Elə bu sualı Anna Hidalqoya vermək lazımdır.

– Ümumiyyətlə, Fransa ermənilərə yardım göndərə bilərmi?

– Qanunidirsə, əlbəttə, yardım edə bilərlər. Amma bir şərtlə ki, bunu gərək Azərbaycanın vasitəsi ilə etsinlər. Qarabağ ərazisində yaşayan ermənilərə gələn hər hansı bir “humanitar yardım” bizim icazəmiz əsasında keçirilə bilər!

– Əgər Fransanın yardım məsələsi Bakı ilə razılaşdırılmayıbsa, necə olacaq?

– Qanunsuz olduğu üçün əlbəttə ki, geri qaytarılacaq! Fransa TIR-lar yola düşmədən öncə Azərbaycanla razılıq əldə etməli idi. Bunlar danışıq mövzularıdır. Yoxsa ki, Fransa Bakıya müraciət etməmiş durub özbaşına yük gətirə bilməz! Razılığını alıb, Ağdam-Xankəndi yolu ilə rahat keçə bilərdilər. Bu gün Azərbaycan razılıqsız hansısa ölkəyə yardım göndərə bilər?! Sən yardım etdiyin ölkəyə məlumat verməlisən axı.

– Elmar bəy, Azərbaycan qeydiyyatında olan ermənilər üçün hökumət yardım göndərdi. Amma ermənilər deyirlər ki, türklərin yardımı, çörəyi onlara lazım deyil.

– Deməli, ac deyillər! Aclıqdan əziyyət çəkən adam yardımın kimdən gəldiyinə baxmır. Özləri-özlərini ifşa edirlər.

– “Ac” qalan ermənilərlə, ümumiyyətlə, Ermənistanla bağlı hansı addımlar atılmalıdır?

– Bu bir az vaxt aparacaq. Amma heç şübhəsiz ki, bütün Qarabağda Azərbaycan öz suverenliyini bərpa edəcək. Düzdür, hazırda bəzi ərazilərimizdə rus sülhməramlıları var, bəzi yerlərdə ermənilər yaşayır və s. Amma bir balaca zaman lazımdır. Gec, ya tez, məsələ öz həllini tapacaq.

– Sülh olmasa necə olacaq?

– Təki məsələ sülh yolu ilə həll olunsun. Amma hər hansı bir yanlış hərəkət olarsa, müharibə olmasa da, toqquşma mütləq olacaq. Hər şey mümkündür.

– Bir neçə gün öncə bayrağımızı təhqir edən 3 erməni futbolçu saxlanıldı. Onlara sadəcə 10 günlük inzibati cəza təyin olundu. Bu, dövlətimiz tərəfindən atılmış humanist addımdır?

– 10 gündən əlavə də, mən belə anlayıram ki, onlar Azərbaycandan deportasiya olunacaqlar. Etdikləri səhvə görə cavab verməlidirlər. İnanımıram, həmin şəxslər Qarabağa qaytarılsın. Mütləq Azərbaycan ərazisindən uzaqlaşdırılmalıdırlar.

– Xocalıda insanlara qarşı vəhşilik törədən Vaqif Xaçaturyan Ermənistana qaytarıla bilərmi?

– Hazırda istintaq işləri davam etdirilir. İnanmıram ki, qaytarılsın. Açığı, onun həbsini tam şəkildə dəstəkləyirəm. Laçın məntəqəsindən yüzlərlə erməni keçir. Hansını həbs edirlər? Xaçaturyan törətdiyi cinayətə görə illərdir axtarışda olan biridir. Onu səbəbsiz saxlamayıblar. Cəzası nədirsə, mütləq almalıdır.

Zaira Akifqızı
Globalinfo.az