“İkinci turda bunu kim edəcəksə, o da qalib olacaq” – Hasan Oktay

Türkiyədə prezident seçkilərinin həyəcanla gözlənilən ikinci turunda “ATA İttifaqı”nın namizədi Sinan Oğanın dəstəyi həlledici amil kimi qiymətləndirilir. Hazırda Sinan Oğanın kimi dəstəklədiyini açıqlaması gözlənilir. Belə bir müddətdə onun namizədi olduğu ittifaqın üzvlərindən olan Ədalət Partiyası Kamal Kılıçdaroğlunu dəstəklədiyini bəyan etdi. Bu da prosesin izləyicilərində müəyyən çaşqınlığın yaranmasına səbəb oldu.

Bəs Ədalət Partiyasının bu qərarı Sinan Oğanın qərarına necə təsir göstərəcək? Onun dəstəyi doğurdan da seçkinin taleyində həlledici ola bilərmi?

Türkiyədəki mövcud vəziyyəti Globalinfo.az-a şərh edən siyasi şərhçi Hasan Oktay seçkilərlə bağlı mənzərəni dəyərləndirib:

“Mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu bütün dünya tərəfindən diqqətlə izlənilir. İlk turda həm prezident, həm də parlament seçkiləri keçirildi. İlk turda prezident seçilməsə də, “Cümhur İttifaqı” prosesdə üstünlük qazandı. Nəticədə bu ittifaqla seçkilərə qatılan millət vəkili namizədləri parlamentdə daha çox yer əldə etdilər. Amma prezidentin ilk turda seçilməsi mümkün olmadı, çünki sistemə uyğun olaraq namizədlər səslərin yarısından çoxunu toplamaqla qalib gələ bilərlər. Səsvermədə Rəcəb Tayyib Ərdoğan 49,2 faiz, Kamal Kılıçdaroğlu 45,6 faiz, Sinan Oğan 5,28 faiz, Məhərrəm İncə isə namizədliyini geri götürməsinə rəğmən 0,41 faiz səs topladı. Həmçinin Məhərrəm İncə ikinci turda kimi dəstəkləyəcəyilə bağlı suallara cavab olaraq tərəfsiz qalacağını bildirdi.
Sinan Oğan ikinci tur üçün açar rolunu oynayır. Hazırda bütün gözlər onun üzərindədir, kimi dəstəkləyəcəyi ilə bağlı qərarı maraqla gözlənilir. Amma görünən odur ki, Sinan Oğana səs verənlər onun tərəfdarı olduqları üçün deyil, sistemə etirazlarını bildirmək üçün bu addımı atıblar. Yəni Sinan Oğan kiminlə razılaşsa, ona uyğun hərəkət edəcək. Tərəfdarları ilə bağlı vəziyyət isə fərqlidir. Oğan istədiyi nədirsə, zamanında almalıdır. Əks təqdirdə, Məhərrəm İncə kimi onu da sıxışdıracaqlar”.

Hasan Oktay

O, seçkilərdə qalib gəlmək üçün əsas diqqət edilməli olan amili açıqlayıb:

“İki namizəddən hansının qruplaşması prosesi birinci turdakı kimi davam etdirərək seçiciləri səsverməyə çəkə bilsə, qalib gələcək. Çünki hər ikisinə də sadəcə öz tərəfdarları səs verirlər. Məsələn, “Cümhur İttifaqı”nın əsas partiyası olan Ədalət və İnkişaf Partiyası (AKP) 35 faiz səs topladığı üçün, Rəcəb Tayyib Ərdoğana səs verən 14 faizlik kəsim yenidən prosesdə iştirak etmək istəməyə bilər. Əgər Cümhuriyyət Xalq Partiyası (CHP), yəni “Millət İttifaqı” birinci turda onlara səs verən seçiçiləri yenidən prosesə cəlb etməyi bacararsa, qalib gəlməyi mümkündür. CHP üçün Sinan Oğanın dəstəyi də vacibdir. Amma ən əsas amil birinci turda iştirak edənləri yenidən səs verməyə təşviq etməkdir”.

Ayşən Mustafa
Globalinfo.az