IV Şuşa Global Media Forumu iyulun 13-də fəaliyyətə başlayıb. Bu il forum “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunub. Forumda iştirak üçün 54 ölkədən gələn 160-a yaxın media nümayəndəsi Qarabağın qonağıdır.
Prezident İlham Əliyevin ənənəvi olaraq forumun ilk günündə çıxışı, müxtəlif ölkələrdən və nüfuzlu agentliklərdən olan jurnalistlərin suallarını səmimi şəkildə cavablandırması yenə dünya mediasında böyük maraqla izlənildi. Prezidentin açıqlamaları həm də Azərbaycanın hazırkı regional münaqişələrə, geosiyasi hadisələrə yanaşmasını ortaya qoydu. Ukrayna, İran münaqişəsi ilə bağlı aydın mesajları, Azərbaycan–Türkiyə münasibətlərinin toxunulmazlığı, digər ölkələrlə əməkdaşlıq, ərazi bütövlüyü prinsipinə hörmətin dəyişməzliyi, Ermənistanla sülh və əməkdaşlıq, o cümlədən digər bir sıra vacib məsələlərə toxunuldu, suallar açıq və konkret cavablandırıldı.
Media anlayışında yenilik
Şuşa Qlobal Media Forumu informasiyanın çatdırılmasında müasir çağırışların da müzakirə edildiyi mühüm bir platformadır. Ona görə media anlayışı deyəndə buraya sadəcə ənənəvi media (TV, radio, qəzet), yaxud onlayn media daxil deyil.
Bütün dünyada informasiyanın cəmiyyətə ötürülməsində yeni bir vasitənin ortaya çıxması, xəbər anlayışında bir növ inqilab oldu: sosial media. Adından da göründüyü kimi sosial media vasitəsi olan müxtəlif şəbəkə və platformalarda artıq informasiyalar daha sürətli və geniş auditoriyaya çatdırılır. İnsanlar hazırda informasiyanı TV, radio, xəbər saytlarından daha çox, sosial şəbəkələrdən öyrənirlər. “İnstagram”, “Facebook” və X son illərdə bu tendensiyanın əsas icraçılarına çevrilmişdi, artıq “TikTok” da siyahıda yer alır. Bu səbəbdən sosial şəbəkədə tanınan, auditoriyası olan şəxslərin istənilən hadisə ilə bağlı verdiyi yeni bilgi bir növ xəbərin çatdırılması kimi təqdim edilir.
Etiraf etmək lazımdır ki, sosial şəbəkələrdə ortaya çıxan “vətəndaş jurnalistikası” anlayışı getdikcə güclənir. Detallı TV reportajlarını 1 dəqiqəlik “reels” videoları əvəz edir, insanlar saytlarda yazılan xəbərləri belə oxumağa zaman ayırmaq istəmir, o xəbərin səsləndirildiyi videoya baxmağa, dinləməyə üstünlük verir. Sosial şəbəkələrdə fərqli kontentlər üzərindən auditoriya toplamağı bacaran istənilən “influenser” adından da göründüyü kimi öz izləyicisini “influens” etməsi, yönləndirməyi bacarır.
Bəli, yenə etiraf etmək lazımdır ki, “yeni media” anlayışının kölgəsində jurnalistika blogerliklə ciddi rəqabətdədir. Amma bunu mənfi tendensiya kimi qiymətləndirmək deyil, dövrün yenilik çağırışı və tələbləri ilə ayaqlaşmağı bacarmaq lazımdır. Qədimdə xəbərlər küçələri gəzib insanlara yüksək səslə hadisəni çatdıranlar tərəfindən verilirdi, sonra daşlara yazıldı və onlar daş tabletlərdən oxuyub deməyə başladılar. Sonra yerini heyvan dərisi aldı, oxuyub yazmağı bilməyənlər yenə xəbəri başqasından dinləyərək öyrəndilər. Zamanla oxuma-yazmanın kütləviləşməsi, qəzetləri populyarlaşdırdı, sonra radionun kəşfi qəzetin operativliyi və cəlbediciliyini bir növ kölgələdi, TV-nin kəşfi və hər evə yayılması isə demək olar hər ikisini kölgədə qoydu. Onlayn media – saytların fəaliyyəti xəbərin operativ çatdırılması funksiyasını günün bəlli saatlarında xəbər yayımı edən kanalların tezliyini geridə qoydu. İndi də yeni bir vasitə gəldi: sosial media. Dünya inkişaf etdikcə, bu, çox normal hal alır.
Şuşa Forumunda blogerlər
Bütün sadaladıqlarıma əsasən foruma yerli və xarici blogerlərin dəvət olunması heç də təəccüb doğurmamalıdır. Çünki onlar da sosial medianın təmsilçiləridir. Günümüzdə sayt, TV izləməyən, radio dinləməyən auditoriya formalaşıb, əksəriyyət sosial şəbəkələrdə xəbər səhifələrini belə sadəcə izləyir, amma paylaşımlarına diqqət etmir. Reallıq budur ki, blogerlər öz auditoriyalarına istədikləri informasiyanı rahatlıqla çatdırır, diqqətlərini çəkə bilirlər.
44 günlük müharibə müddətində belə sosial şəbəkələrdə çox izləyicisi olan səhifələrin hansı ölkəyə dəstək paylaşımı edəcəyi diqqətlə izlənilirdi. Azərbaycana dəstək paylaşımı etmələri üçün kampaniyalar yürüdülürdü. Müharibədən sonra mədəniyyət incimiz Şuşada keçirilən Media Forumunun “qlobal” anlayışla fəaliyyət göstərməsi də təsadüfi deyil. Bizə revanşist ermənilərin hələ də iddialarından əl çəkmədikləri, dünyanı əleyhimizə çevirməyə çalışdıqları bir reallıqda Qarabağı insanların diqqətinə “qanlı savaşlar meydanı” deyil, zəruri platforma kimi təqdim etmək vacibdir. Bu, bir növ revanşizmə əks-həmlədir. Yerli blogerlərin auditoriyası sadəcə Azərbaycan xalqı da deyil, hər birinin xarici ölkələrdən izləyiciləri var. Yəni Şuşa kimi bir cənnətdə təşkil olunan belə böyük tədbir medianın da sərhədlərini aşır, bütün ixtisaslardan olan insanlara çatdırılır. Müharibədən yeni çıxmış, informasiya savaşı davam edən bir ölkə kimi bizim hər bir vasitəyə ehtiyacımız var.
Hazırda böyük səs-küy gətirən və maraqla izlənilən REAL TV-nin “Media Masası” buraxılışında da televiziya rəhbərlərinin toxunduğu mövzulardan biri məhz sosial mediadır. İTV və ARB24 kimi teleməkanda öz sözünü demiş yayım şirkətlərinin də rəhbərləri medianın “ənənəvi metodlar” prinsipi ilə hərəkətinin yeni çağırışlara uyğunlaşmalı olduğunu vurğuladılar. Çox yerində, realist bir yanaşma idi. Əgər auditoriyaya təsir gücümüzü sosial mediaya uduzacağımızdan narahatıqsa, o zaman bu vasitədən istifadə edərək əlimizdəki imkanı artırmağa çalışmalıyıq. Yeniliklərlə savaşmamalıyıq, onları ixtisasımızda alətimizə çevirməyi bacarmalıyıq. Bu gün sosial media nə qədər “vətəndaş jurnalistikası” aləti olsa da, insanlar yenə gün sonunda xəbərin təsdiqi üçün TV və saytlara üz tuturlar.
Şuşa Qlobal Media Forumunda ölkəmizdən də kifayət qədər peşəkar jurnalistlər iştirak edir, hətta təbii olaraq əsas material, informasiya qaynağı bizik. İşin peşəkar media tərəfi onsuz da möhtəşəm şəkildə doldurulub. Lakin belə yüksək səviyyəli bir tədbirə məhz cəmi 6 il əvvəl 30 illik əsarətdən qurtarılmış, dağıdılıb viran edilmiş bir bölgənin ev sahibliyi etməsini bütün insanlar görməlidir. Dövlətlər, yüksək səviyyəli qurumlar, agentliklərin yazdıqları, çəkdikləri materialın auditoriyası ilə sosial media tanınmışlarının auditoriyası dövrümüzdə eyni deyil. Lakin bu tədbirin istənilən auditoriyaya çatdırılması bizim üçün zəruridir. Əsas olan vasitə deyil, nəticədir. Müsbət nəticə.
Bu gün reallıqla razı deyilik, bəli, vəziyyət məni də narahat edir. Lakin sadəcə etiraz edib “yox, olmasın” demək gerçəyi dəyişməyəcək. Media olaraq hansı yeniliklərlə, nə kimi addımlar atmaqla auditoriyanın diqqətini çəkə, “ilk mənbə” kimi təsir gücümüzü qoruya bilərik, onu araşdırmalıyıq. Məqsədimiz birdir, bu yolda mübarizə aparmayaq, birlikdə hərəkət edək.
Ayşən Mustafa
Globalinfo.az