qulluq

Azərbaycanda ictimai və dövlət maraqlarının qorunması ölkənin dayanıqlı inkişafının əsas amillərindən biridir. Cəmiyyətin rifahı, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, dövlətin təhlükəsizliyi, sabitliyi bu maraqların müdafiəsindən asılıdır. Son illərdə həyata keçirilən islahatlar idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Dövlətlə vətəndaş arasında etimadın möhkəmlənməsi də bu prosesdə mühüm rol oynayır. İctimai maraqların qorunması güclü dövlət institutları və peşəkar idarəetmə mexanizmləri tələb edir. Bu istiqamətdə dövlət qulluqçularının üzərinə xüsusi məsuliyyət düşür.

Dövlət qulluqçuları dövlət siyasətinin icrasında, qanunların tətbiqində və vətəndaşlara xidmət göstərilməsində mühüm rol oynayırlar. Onların fəaliyyəti dövlət idarəçiliyinin səmərəliliyinə və cəmiyyətin inkişafına birbaşa təsir göstərir. Məhz buna görə də dövlət qulluğu sistemi ölkənin inkişaf strategiyasının vacib hissəsi hesab olunur. Hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur. Bu tarix dövlət idarəçiliyində çalışan insanların fəaliyyətinə verilən dəyərin göstəricisidir.

Globalinfo.az bununla bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Sədr müavini, deputat Azər Badamovla həmsöhbət olub.

– Azərbaycanda dövlət qulluğu sisteminin inkişafı istiqamətində son illərdə hansı əsas addımlar atılıb?

– Mühüm institusional və normativ islahatlar həyata keçirilib. Bu sahədə əsas addımlardan biri dövlət idarəetməsində şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılmasına yönələn müasir idarəetmə mexanizmlərinin tətbiqi olub. Xüsusilə, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” çərçivəsində kadr siyasətinin təkmilləşdirilməsi, dövlət qulluqçularının peşəkar inkişafının təmin edilməsi, rotasiya mexanizmlərinin genişləndirilməsi və insan resurslarının idarə olunmasında müasir yanaşmaların tətbiqi istiqamətində mühüm tədbirlər görülüb.

Dövlət qulluğuna qəbul sisteminin təkmilləşdirilməsi də həyata keçirilən islahatların mühüm tərkib hissəsidir. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi müsabiqə və imtahan mexanizmləri daha da təkmilləşdirilərək şəffaflıq, obyektivlik və bərabər imkanlar prinsipləri gücləndirilib. Nəticədə bilik və bacarığa malik hər bir vətəndaş üçün dövlət qulluğuna qəbul imkanları genişlənmiş, dövlət aparatında peşəkar və hazırlıqlı kadrların seçilməsi üçün əlverişli şərait yaradılıb. Bununla yanaşı, rəqəmsal idarəetmənin genişləndirilməsi, elektron xidmətlərin tətbiqi və dövlət qurumlarında innovativ texnologiyalardan istifadənin artırılması dövlət qulluğu sisteminin müasirləşdirilməsi prosesinə mühüm töhfə verib.

– Dövlət qulluqçularının peşəkarlığının artırılması üçün hansı tədbirlərin görülməsinə ehtiyac var?

– Müasir dövrdə dövlət qulluğunun səmərəliliyi ilk növbədə insan kapitalının keyfiyyətindən asılıdır. Buna görə də dövlət qulluqçularının peşəkarlığının artırılması daim diqqət mərkəzində saxlanılmalıdır. Hesab edirəm ki, dövlət qulluqçuları mütəmadi olaraq təlim və ixtisasartırma proqramlarına cəlb olunmalıdırlar. Cəmiyyətin bütün sahələrində sürətli dəyişikliklərin baş verdiyi bir dövrdə dövlət qulluqçularının da yenilənən bilik və bacarıqlara yiyələnməsi zəruridir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və digər ixtisaslaşmış tədris müəssisələrində müasir idarəetmə metodları, strateji planlaşdırma, qərarların qəbulu, liderlik, innovativ idarəetmə sahələri üzrə qısamüddətli yenidənhazırlama proqramlarının genişləndirilməsi faydalı olardı.

Ölkəmizdə rəqəmsal transformasiya prosesi sürətlə davam edir. Elektron hökumət sisteminin inkişafı, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişlənməsi, data mərkəzlərinin yaradılması və süni intellekt texnologiyalarının dövlət idarəetməsində istifadəsi yeni bacarıqlara olan tələbi artırır. Bu baxımdan dövlət qulluqçularının rəqəmsal savadlılığının yüksəldilməsi, elektron xidmətlərdən və müasir proqram təminatlarından istifadə bacarıqlarının inkişaf etdirilməsi vacibdir. Təlimlərin nəticələrinin obyektiv qiymətləndirilməsi, sertifikatlaşdırma mexanizmlərinin tətbiqi və əldə olunan nailiyyətlərin karyera yüksəlişi zamanı nəzərə alınması dövlət qulluqçularının motivasiyasını daha da artıracaq.

azer badamov

Azər Badamov 

– Gənclərin dövlət qulluğuna marağını artırmaq üçün hansı yeniliklər tətbiq oluna bilər?

– Bu proses dövlət idarəetməsinin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Ona görə də ilk növbədə dövlət qulluğunun cəmiyyətə xidmət missiyasının və karyera imkanlarının gənclər arasında daha geniş təbliğinə ehtiyac var. Belə ki, universitet məzunları və tələbələr üçün ödənişli təcrübə proqramlarının genişləndirilməsi, dövlət qurumlarında mentorluq sisteminin tətbiqi, gənclərin real idarəetmə proseslərinə cəlb olunması onların bu sahəyə marağını artıran mühüm amillərdəndir. Eyni zamanda, müsabiqə və qəbul mərhələlərinin tam rəqəmsallaşdırılması, müasir əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı və sosial təminat mexanizmlərinin inkişaf etdirilməsi dövlət qulluğunu gənclər üçün daha cəlbedici edə bilər. Təhsil müəssisələri ilə dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi, karyera günlərinin, maarifləndirici tədbirlərin və ixtisaslaşmış təcrübə proqramlarının təşkili də bu istiqamətdə müsbət nəticələr verə bilər.

– Dövlət qulluqçularının vətəndaş məmnuniyyətinin yüksəldilməsində rolu nə dərəcədə vacibdir?

– Dövlət qulluqçuları vətəndaş məmnuniyyətinin təmin olunmasında həlledici rol oynayırlar. Çünki dövlət siyasətinin icrası və dövlət xidmətlərinin göstərilməsi birbaşa onların fəaliyyəti vasitəsilə həyata keçirilir. Vətəndaşların dövlətə olan etimadı, ilk növbədə, qarşılaşdıqları xidmətlərin keyfiyyətindən, operativliyindən və şəffaflığından asılıdır. Peşəkar, məsuliyyətli və vətəndaşyönümlü dövlət qulluqçusu dövlətlə vətəndaş arasında etibarlı körpü rolunu oynayır. Bu baxımdan dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi, vətəndaş müraciətlərinə həssas yanaşması və xidmət keyfiyyətinin daim yüksəldilməsi dövlət idarəçiliyinin əsas prioritetlərindən biri olmalıdır.

– Dövlət qulluğu sahəsində qarşıda duran əsas çağırışlar və prioritetlər hansılardır?

– Müasir dövrdə dövlət qulluğu sahəsində əsas çağırışlar sürətli texnoloji dəyişikliklərə uyğunlaşmaq, insan resurslarının potensialını artırmaq və vətəndaşların artan gözləntilərinə cavab verən çevik idarəetmə modelini formalaşdırmaqdır. Prioritet istiqamətlər sırasında rəqəmsal transformasiyanın dərinləşdirilməsi, süni intellekt və məlumat əsaslı qərar qəbuletmə mexanizmlərinin tətbiqi, dövlət qulluqçularının peşəkar inkişafının gücləndirilməsi, şəffaflığın artırılması, hər kəs öz qabiliyyətinə və əməyinə görə qiymətləndirilmə prinsiplərinin daha da möhkəmləndirilməsi xüsusi yer tutur.

Eyni zamanda, vətəndaş məmnuniyyətinin yüksəldilməsi, xidmət keyfiyyətinin davamlı olaraq təkmilləşdirilməsi və dövlət idarəetməsində innovativ yanaşmaların tətbiqi qarşıdakı dövrün əsas vəzifələrindən biri olacaq. İnanıram ki, həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda dövlət qulluğu sistemi daha müasir, çevik, şəffaf və vətəndaşyönümlü idarəetmə modelinə çevriləcək.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: ictimai və dövlət maraqlarının müdafiəsi.

media 900x333 1

Ləman İmran
Globalinfo.az

Paylaş: