Deputatlarımız maaşlarından Türkiyəyə bu qədər yardım edəcəklər – Açıqlama

***
08.02.2023  16:11

Türkiyədə güclü zəlzələdən zərər çəkənlər üçün Bakıda yardım kampaniyası davam edir. Paytaxtın müxtəlif yerlərindən gələn insanlar yorğan, döşək, geyim, qida və s. gətirərək qardaş ölkəyə kömək əllərini uzadırlar.

Maraqlıdır, Azərbaycan Respublikası Milli Məclisinin deputatları bu prosesə necə dəstək verəcəklər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib ki, parlament bu və bu kimi məsələlərdə hər zaman öndə olub:

“İstər 44 günlük Vətən müharibəsi, istərsə də sonrakı dövrlərdə Milli Məclisin deputatları təşkil edilən kampaniyalarda yaxından iştirak ediblər. Oxşar kampaniya qardaş Türkiyə üçün də təşkil edilir. Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə Azərbaycan parlamentinin üzvləri bu prosesdə iştirak etməyi qərara alıblar. Biz bu məsələ ətrafında müzakirə apardıq və nə kimi yardım edə biləcəyimizi düşündük.

Bildiyiniz kimi, hazırda vətəndaşlarımız istər isti geyim, istərsə də digər ehtiyac duyulan ləvazimatları ianə etdikləri üçün biz daha fərqli bir şey etmək qərarına gəldik. Zəlzələdən sonra ərazidə elektrik enerjisi kəsildiyi və infrastruktura ciddi ziyan dəydiyi üçün generator çatışmazlığı var. Biz də qərara aldıq ki, prosesə dəstək məqsədilə generatorlar alıb, hadisə yerinə göndərək. Bu istiqamətdə vəsait toplanacaq.

Vətən müharibəsi zamanı adətən deputatlar ya tam maaşını, ya da maaşının yarısını (təxminən, 3-5 min manat – red.) dəstək məqsədilə verirdi. Bu dəfə də belə olacaq. Bu isə kifayət qədər vəsaitin toplanması deməkdir.

Milli Məclisin deputatları da xalqımız kimi qardaş Türkiyəyə dəstəyini əsirgəməyəcək”.

Turan Rzayev
Globalinfo.az