Deputatın “70 yaş təklifinin” səbəbi budur – İqtisadçı açıqladı

“Deputat Musa Quliyevin bu gün Milli Məclisin plenar iclasında büdcə təşkilatlarında çalışmanın son yaş həddinin 70-ə qaldırılmasını təklif etməsinin səbəbi odur ki, bizdə təqaüdlər çox aşağı, büdcə təşkilatlarında çalışanların isə maaşı daha yüksəkdir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, həmin şəxslərin əlavə qazanc əldə etmək imkanları olduğu üçün təqaüdə çıxmaq istəmirlər:

“Çünki təqaüdə çıxarkən daha az məbləğ alacaqlarını bilirlər. Bu problem mütləq həll olunmalıdır. Dünyanın hər yerində təqaüd yaşının artırılmasına insanlar etiraz edirlər. Bəlkə də Azərbaycan nadir ölkələrdəndir ki, əksinə, nəinki etiraz olmur, hətta insanların bir çoxu buna razıdırlar. Ona görə də deputat bunu bildiyi üçün belə bir təklif edir. Adam ona dəstək veriləcəyini bilir. Dediyim kimi – bizdə təqaüd az olduğu üçün vətəndaşlar təqaüdə çıxmaq istəmirlər”.

Zaira Akifqızı
Globalinfo.az