“Övladım Emin Sadiqov Vətən müharibəsində şəhid oldu. Əgər yeganə balam Vətənimiz, torpağımız, bayrağımız, millətimiz, xalqımız üçün canından keçibsə, mən də onun yolunu davam etdirməyə hazıram”.
Bu sözləri Globalinfo.az-a 34 saylı Şahbuz şəhər seçki dairəsindən deputat seçilən Gülşad Rüstəmova deyib.
O, oğlunun şəhid olmasından sonra belə qərara gəldiyini qeyd edib:
“Şahbuz rayonunu və əlavə 5 kəndi təmsil edəcəm. Balam şəhid olsa da, 4 ildir xalqımın yanındayam. Bu gün maddi heç nəyə ehtiyacım yoxdur. Deputat adı da mənim üçün şöhrət məqamı deyil. Çünki Emin mənə hər şeydən yüksək “Şəhid anası” adını verib. Allah dövlətimizdən razı olsun, Prezidentimizi qorusun. Şəhid ailələrinə diqqət və qayğı yüksək səviyyədədir. Bu gün heç bir problemim yoxdur, olsa da bütün qapılar üzümə açıqdır. Mənim üçün deputat olmaq xalqımın səsi olmaq deməkdir. Sağolsun xalqımız ki, məni yüksək səsi faizi ilə deputat seçdi. Allah bu yolda bizi utandırmasın!”
Qeyd edək ki, şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova Naxçıvan Ali Məclisinə deputat seçilib. O, 75.28 faiz səslə mandat qazanıb.
Xatırladaq ki, Emin Sadiqov 21 iyul 1998-ci ildə Şahbuz rayonunun Şahbuz kəndində anadan olub. O, 8-ci sinfi bitirdikdən sonra 2012-ci ildə Heydər Əliyev adına Hərbi liseyə qəbul olub və 3 il burada təhsil alıb. 2015-ci ildə Naxçıvandan Bakıya gələrək, hərb sənətinin dərinliklərinə yiyələnmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2019-cu ildə AAHM-dən məzun olan Emin Qazax rayonuna təyinat alıb.
Leytenant Sadiqov müharibəyə Füzuli istiqamətində qoşulub. 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. 30 oktyabr 2020-ci ildə doğulduğu Şahbuz kənd məzarlığında dəfn olunub.
Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Zaira Akifqızı
Globalinfo.az