Deputat: “Bu şəxslər milli mənlik şüuru və vətənpərvərlik hisslərinin daşıyıcılarıdır”

Qədim tarixə və dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının böyüməsində, inkişaf etməsində milli şüurun və vətənpərvərlik hisslərinin müstəsna rolu olub. Xüsusən son illər regionumuzda və bütövlükdə dünyada gedən proseslər xalqımızın, cəmiyyətimizin milli şüurunun formalaşması və vətənpərvərlik hisslərinin inkişafı məsələsini aktuallaşdırır. Gənclərimiz nə qədər milli ruhda inkişaf etsə, bir o qədər vətənpərvər olar.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Vətən müharibəsi göstərdi ki, müstəqillik dövründə, xüsusən Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişən gənclik sözün əsl mənasında milli mənlik şüuru və vətənpərvərlik hisslərinin daşıyıcılarıdır:

“İstər gəncliyimizin müharibədəki şücaəti, istərsə də milli həmrəyliyə qatqısı bunu dəfələrlə sübut etdi. Lakin müasir dövrdə istər geosiyasi proseslər, istərsə də 4-cü Sənaye İnqilabının gedişatı yeni çağırışlar meydana çıxarır ki, bu da öz növbəsində mənəvi dəyərlərə təsirsiz ötüşmür. Artıq dünənki tərbiyə üsul və metodları bu gün lazımı qədər effektiv deyil. Bu, Azərbaycan aydınlarını, o cümlədən elə möhtərəm Prezidentin özünü də daim narahat edən məsələdir.

Dörd il əvvəl, Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasimdə Prezident İlham Əliyev də məhz bu tezisdən çıxış edərək Azərbaycanda tərbiyə işinin yeni müstəviyə qalxmalı olması və ideoloji işə yenidən baxmalı olduğumuzu bəyan etmişdi. Dövlət başçısı xüsusən azad internet şəraitində ideoloji sahədə müəyyən zəifliklər və boşluqlar olduğunu, bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən bu boşluqlardan ölkəmiz əleyhinə yararlandığını bildirmişdi. Dövlət başçısı fikrini onunla əsaslandırmışdı ki, internet istifadəçilərinin faiz nisbəti 80-i keçdiyi və azad, demokratik cəmiyyət formalaşdığı bir şəraitdə istənilən yalanı ortalığa atmaq olar. Nəticədə “bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik”.

Bəhruz Məhərrəmov 

Deputat qeyd edib ki, həqiqətən də, bu gün ayrı-ayrı dairələr dövlətçilik məsələlərində, dövlət orqanları və vəzifəli şəxslərə münasibətdə bu üsuldan istifadə edərək cəmiyyətdə milli vəhdəti pozmağa, o cümlədən nihilist bir nəsil formalaşdırmağa çalışır:

“Bu mənada ideoloji və tərbiyəvi sahədə yeni çağırışlara uyğun addımların atılması zərurətdir. Digər tərəfdən, cəmiyyətin təhsilə baxış prizmasının dəyişdirilməsinə ehtiyac var. Ənənəvi dəyərlərdən imtina oluna bilməz, xüsusən elm və təhsili təşviq edən düşüncə tərzindən. Lakin elm və təhsilin özünə baxış mütləq dəyişməlidir. Faydalılıq əmsalı, praktik əhəmiyyəti, maddi dəyərə çevrilmə göstəricisi yüksək olan sahələr təşviq edilməli, gənc nəsil xüsusən ixtisas seçimində valideyn arzularının qurbanına çevrilməməlidir”.

B.Məhərrəmovun sözlərinə görə, dövlət müasir çağırışlara cavab verən təfəkkür tərzi və savada malik gənclər üçün istər Azərbaycanda, istər xaricdə bütün imkanları yaradıb:

“Həmçinin gənc nəslin dövlətin və cəmiyyətin həyatında rolunun artırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Prosesləri ümumiləşdirdikdə isə əminliklə demək olar ki, cari problemlərə baxmayaraq vətənə, xalqa və dövlətə sadiq, layiqli gəncliyin yetişdirilməsi istiqamətində dövlət siyasətində uğurlu davamlılıq təmin olunub. Xüsusən hərbi-siyasi və diplomatik qələbələrin yaratdığı ruh yüksəkliyi gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi işində həlledici müsbət təsirini göstərməkdədir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Zaira Akifqızı
Globalinfo.az