Daha bir ölkə nüvə silahı əldə etmək istəyir

“Şimali Koreyanın nüvə başlıqlı raketlərinin sayını artırması qonşu Cənubi Koreyada narahatlıq doğurub. Cənubi Koreyanın Prezidenti Yoon Suk-yeol ölkəsinin nüvə silahına yiyələnməsi istəyini dilə gətirib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Cənubi Koreya “nüvə klubuna” daxil olmaq istəyir:

“Seulun istəyi anlaşılandır. Qonşu Şimali Koreyada diktatura mövcuddur və bu ölkə istənilən an qonşu ölkəni raket atəşinə tuta bilər. Həmin raket isə nüvə başlığı daşıya bilər. Cənubi Koreya prezidenti nüvə silahına yiyələnmək üçün iki yol göstərib. Birinci yol Cənubi Koreyanın nüvə silahını öz imkanları ilə əldə etməsidir. İkinci yol isə müttəfiq dövlətlərdən birinin Cənubi Koreya ərazisində nüvə silahı yerləşdirməsidir. “Müttəfiq dövlət” dedikdə böyük ehtimalla Amerika Birləşmiş Ştatları nəzərdə tutulub”.

Politoloq qeyd edib ki, son aylarda Şimali Koreyanın pilotsuz uçuş aparatları tez-tez Cənubi Koreyanın hava məkanına daxil olurlar:

“Cənubi Koreyanın havadan müdafiə sistemləri həmin dronların heç də hamısını zərərsizləşdirə bilməyib. Bu da Seulda belə bir fikir formalaşdırıb ki, bir gün Şimali Koreya Cənubi Koreya ərazisini raket atəşinə də tuta bilər. Bundan qorunmağın yeganə yolu Cənubi Koreyanın nüvə başlığı daşıya bilən raketlərlə təchiz olunmasıdır”.

Turan Rzayev
Globalinfo.az