Çörəyimizdən çıxan donuz tükü haqda yeni məlumat – Ekspertdən mühüm açıqlama

Azərbaycanda satılan çörəklərdə tərkibində donuz və insan tükü olan qatqı maddəsinin olduğu iddiaları yenidən müzakirə mövzusuna çevrilib.

Satışda olan bəzi çörəklərin, yaxud un və un məhsullarının tərkibində sistein adlanan bu maddələrin qatıldığı iddia edilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yayılan məlumatları qeyri-ciddi adlandırsa da, bu iddialar hər süfrədə olan, gündəlik yeyilən çörək və un məhsullarının tərkibinə dair şübhə və narahatlıqları artırır.

Ümumiyyətlə belə bir şey mümkündürmü? Çörəyin tərkibini necə yoxlamaq olar? Bu istiqamətdə hansı tədbirlər görülür, yaxud görülməlidir? Ümumiyyətlə qida terroru ilə üzləşən insanlar çıxış yolu olaraq nə etməlidirlər?

Mövzunu Globalinfo.az-a dəyərləndirən qida mütəxəssisi Ağa Salamov bildirib ki, heç bir əsas göstərilmədən belə iddiaların səsləndirilməsi doğru deyil:

“Bu iddianı kim sübut edə bilər? Hansı laboratoriyada çörəyin tərkibinə baxıb belə bir qərara gəldilər? Azərbaycanda satılan zavod çörəklərinin tərkibinə heç bir donuz tükü qatqı maddəsi vurulmur. Çünki o sistein maddəsi ödənişlidir və bunu da heç bir zavod artıq pul xərcləyib çörəyin tərkibinə qatmaz. Çox adam çörəyin elastikliyini saxlamaq üçün bunun lazım olduğunu deyir, amma çörək onsuz da elastikdir. Onun tərkibində yapışqanlıq var, əlavə nəyəsə ehtiyac yoxdur. Çörək rezin kimi olsa belə, onun tərkibində qatı maddəsi olduğu demək deyil. Bu, çörəyin düzgün mayalanmadığı mənasına gəlir.

Azərbaycanda fəaliyyət göstərən çörək zavodları iki fazalı texnologiya ilə məhsul hazırlayırlar. Məsələn, Xırdalan çörək zavodu buna nümunədir. Orada acıtma texnologiyası ilə çörəklərin hazırlanmasında mayadan az istifadə olunur. Maya da bir qatqı maddəsidir. Yəni, əgər bir kilo una 10 qram maya əlavə edilirdisə, bu halda rəqəm 5 qrama enir. Nəticədə istehlakçı maliyyədə qazanmış olur. Onsuz da çörək zavodlarının gəliri çox aşağıdır, bu qədər az qazancın da qatqı maddəsinə xərcləməsi mümkün deyil. Dediklərim sadəcə qeyd etdiyim çörək zavodlarına aiddir ki, orada işə şahid olmuşam”.


Ağa Salamov

Mütəxəssis belə halların sadəcə xaricdən idxal edilən bəzi çörəklərdə ola biləcəyini deyib:

“Amma Azərbaycana idxal olunan burger çörəklərində, haqqında danışılan sistein qatqı maddəsinin olma ehtimalı var. Lakin bunu iddia etmək üçün laboratoriyada yoxlanış həyata keçirmək lazımdır. Əgər hansısa çörək, yaxud şirniyyat fabriki una bu qatqı maddəsini əlavə edirsə, bu zaman avtomatik olaraq qiymət qalxır. Çünki bu maddə pulla satılır, ödənişsiz deyil. Ümumilikdə unun tərkibində qatıldığı təqdirdə də, həmin unun kilosunda qiymət artımı hiss oluna bilər. Lakin burada bir Ukrayna-Rusiya müharibəsinə görə, bir də qatqı maddəsinə görə qiymət artımı olur. Məsələ, müharibəyə görə 50 qəpik qiymət qalxırsa, 20, yaxud 10 qəpik də bu maddəyə görə artım müşahidə edilir.
Nəticə olaraq Azərbaycanda zavod çörəklərindən başqa istehsal müəssisələri varsa, heç onlara da qatqı maddəsinin istifadəsi sərf etmir. Almaniyadan gətirilən çörəkdə, Çindən idxal edilən unda bu maddəyə rast gəlinə bilər. Amma Ukrayna, Rusiya bazarından gələn unun tərkibində sistein yoxdur. Bu maddənin olduğunu iddia etmək asandır, əsas yoxlamaqdır”.

Ayşən Mustafa
Globalinfo.az