Çində son 60 ildə bir ilk yaşandı

“Çinin əhalisi 2022-ci ildə bir il əvvəlki ilə müqayisədə 850 min nəfər azalıb. Belə azalma son 60 ildə ilk dəfə baş verib. Çində 2022-ci ildə 9,56 milyon insan doğulub, 10,41 milyon nəfər ölüb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, bunun bir neçə səbəbi var:

“Birincisi, Çində əhalinin azalmasına pandemiya səbəb olub. 2022-ci ilin sonundan başlayaraq koronavirus Çinə yenidən qayıtdı. Bəzi ekspertlərin fikrincə, Çin əhalisinin yarıdan çoxu virusa yoluxub və il ərzində ölənlərin sayı 1 milyona yaxınlaşacaq.

İkincisi, Çin 1980-ci illərdən başlayaraq “bir ailə, bir uşaq” siyasəti həyata keçirib. Biruşaqlı ailələrə müxtəlif sosial dəstəklər nəzərdə tutulmuşdu. Pekin bu siyasətə ona görə üstünlük verirdi ki, artan əhalinin problemləri də artırdı və onları həll etmək lazım idi”.

Politoloqun sözlərinə görə, Çinin sonrakı illərdə iqtisadi imkanları və maliyyə gəlirləri artdıqca əhalinin sayı problem yaratmamağa başladı:

“Buna görə də Pekin 2015-ci ildə ailələrə əvvəlcə iki, 2021-ci ildə isə üç uşaq dünyaya gətirməyə icazə verdi. Bunun bir səbəbi də Çin əhalisinin qocalmasıdır. Yaşlı insanların sayı artdıqca işçilərin sayı azalır, dövlətin sosial ödəmələri artıb. Buna görə də Çində yeni işçi qüvvəsinə ehtiyac yaranıb”.

Turan Rzayev
Globalinfo.az