6a3916c04e7127ea75008f51

Son illər Azərbaycanda Çin istehsalı olan avtomobillərə maraq sürətlə artıb. Xüsusilə elektromobil və hibrid modellərin bazarda geniş yayılması sürücülər üçün yeni seçimlər yaradıb. Lakin bu avtomobillərin istismarı ilə bağlı bəzi problemlər də gündəmə gəlir.

Belə hallardan biri də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin keçmiş rəsmisi, polkovnik Vaqif Əsədovun aldığı “BYD” markalı avtomobillə bağlı yaşadığı çətinlikdir. O, avtomobil üçün rəsmi servis və ehtiyat hissəsi tapmaqda problemlə üzləşdiyini bildirib.

Bəs ölkədə sayı artan Çin avtomobilləri ilə bağlı servis və ehtiyat hissəsi problemi niyə yaranır?

Globalinfo.az-a danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin keçmiş rəsmisi, polkovnik Vaqif Əsədov deyib ki, son illərdə Çin istehsalı olan avtomobillərin sayı ölkəmizdə günü-gündən artır və bu avtomobillərə maraq digər nəqliyyat vasitələri ilə müqayisədə yüksəlir:

“Lakin avtomobildə nasazlıq yarandıqda və ya yol-nəqliyyat hadisəsi baş verdikdə ehtiyat hissələrinin əldə olunması ilə bağlı problemlər yaşanır. Detal sifariş verərkən bəzən onun bir aya gələcəyi bildirilir. Bu, nə dərəcədə düzgündür? Çindən müxtəlif markalı avtomobillər gətirib satışını həyata keçirən fiziki şəxslərə də müraciət etmək istərdim. Əvvəla, onlar zəhmət çəkirlər və buna görə minnətdarlığımı bildirirəm. Amma eyni zamanda xahiş edirəm ki, bu avtomobilləri ölkəyə gətirərkən, xüsusilə daha çox və qısa müddətdə tələb olunan sertifikatlı ehtiyat hissələrinin də gətirilməsini təmin etsinlər. Hər kəsə bəllidir ki, istənilən nəqliyyat vasitəsi müəyyən məsafə qət etdikdən sonra onun bəzi hissələrinin, xüsusilə əyləc sisteminə aid detalların dəyişdirilməsinə ehtiyac yaranır. Məsələn, əhali arasında “kolodka” kimi tanınan əyləc bəndləri müəyyən müddətdən sonra dəyişdirilməlidir. Təəssüf ki, həmin detalı sifariş verərkən bəzən “bir ay gözləməlisiniz” deyirlər. Yaxud avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində zədələnir və yenə də lazım olan detalın sifariş edilərək xaricdən gətirilməsi üçün uzun müddət gözləmək tələb olunur. Bu, düzgün deyil”.

111 14

Vaqif Əsədov

Polkovnik qeyd edib ki, son illərdə xüsusilə paytaxt Bakı şəhərində elektrik və hibrid avtomobillər üçün enerji doldurma stansiyalarının yaradılması müsbət haldır:

“Eyni zamanda müasir servis mərkəzlərinin fəaliyyətə başlaması da məqsədəuyğun və sevindirici addımdır. Bununla bağlı hər hansı narahatlıq yoxdur. Sevindirici məqamlardan biri də budur ki, belə servislərə müraciət edən insanlara yüksək səviyyədə xidmət göstərilir. Müasir tələblərə cavab verən xüsusi texniki avadanlıqlar vasitəsilə nəqliyyat vasitələrinə baxış keçirilir, vaxtında diaqnostika aparılır və hansı detalın sıradan çıxdığı müəyyən edilir. Ancaq təəssüf ki, həmin detalın ölkəyə gətirilməsi üçün uzun müddət gözləmək lazım gəlir. Mən özüm də son iki ildir ki, BYD markalı avtomobil idarə edirəm və ehtiyat hissələri ilə bağlı belə çatışmazlıqları görəndə ciddi narahatlıq keçirirəm”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, bu gün Azərbaycanda bir sıra avtomobil şirkətlərinin artıq rəsmi dilerləri mövcuddur:

“Tövsiyə edirəm ki, vətəndaşlar mənşəyi bilinməyən yerlərdən, heç bir istehsalçı zəmanəti olmayan avtomobillər almasınlar. Vətəndaş problem yaşamaq istəmirsə, avtomobili rəsmi diler və ya distribütordan, istehsalçı zəmanəti ilə almalıdır. Bilməlidir ki, aldığı avtomobilin zəmanəti var və hər hansı qüsur yarandıqda diler həmin problemi öz hesabına aradan qaldıracaq. Amma vətəndaş avtomobili qeyri-rəsmi şəkildə kimdənsə yalnız qiymətinin ucuzluğuna görə alırsa və həmin avtomobilin heç bir zəmanəti yoxdursa, sonradan problemlə üzləşə bilər. Bu, başqa cür ola bilməz. Yeni avtomobil satılırsa belə, onun istehsal qüsuru ola bilər. Heç kim zəmanət verə bilməz ki, həmin avtomobildə sabah, məsələn, əyləc sistemi ilə bağlı problem yaranmayacaq”.

222 5

Eldəniz Cəfərov

E.Cəfərovun sözlərinə görə, Çin avtomobillərinin böyük əksəriyyətində servis problemi yoxdur:

“Azərbaycanda rəsmi nümayəndəliyi olan Çin avtomobil markalarının satış mərkəzlərində belə problemlər çox vaxt yaşanmır. Problem əsasən avtomobil fərdi qaydada alınıb ölkəyə gətirildikdə ortaya çıxır. Əgər həmin avtomobil Çində istismar olunmaq üçün istehsal edilibsə, Avropa spesifikasiyasına uyğun deyilsə və heç bir zəmanəti yoxdursa, burada, əlbəttə ki, problemlər yarana bilər. Belə avtomobilə heç kim zəmanət verə bilməz. Vətəndaş avtomobili kimdən alıbsa, zəmanəti də ondan tələb etməlidir. Əgər avtomobili satan şəxs zəmanət vermirsə, deməli, burada müəyyən şübhələr yaranır. Vətəndaş bu şübhələri bilə-bilə avtomobili alırsa, artıq məsuliyyət onun üzərində qalır. Bununla belə, vətəndaş yaranmış problemi həll etmək və öz hüquqlarını qorumaq üçün müvafiq dövlət qurumlarına və aidiyyəti agentliyə müraciət edə bilər ki, hüquqları bərpa olunsun və məsələ öz həllini tapsın”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: