Cənubi Qafqaz qarışdırılır – Tokayevin İrəvana səfərinin detalları

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfər edib. Səfər çərçivəsində Tokayev Ermənistan Baş naziri Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyanla görüş keçirəcək.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Tural İsmayılov deyib ki, Tokayev kifayət qədər uğurlu siyasi liderlərdən hesab edilir:

“Onun rəhbərliyi dövründə Qazaxıstan türk dünyasının cəmləşdirilməsi və yenidən dirçəldilməsi fonunda Azərbaycan və Türkiyənin başlatdığı hərəkata böyük dəstək verib. Tokayevin hər hansı siyasi gedişlərinin, atdığı addımların türk dünyasında qıcıq yaradacağını düşünmürəm”.

Politoloqun sözlərinə görə, ötən il Qazaxıstan və Azərbaycan rəhbərlərinin qarşılıqlı səfərləri baş tutub:

“İşğaldan azad edilən Qarabağa, Şuşaya səfər edən xarici ölkə rəhbərlərindən biri də Kasım-Jomart Tokayev olub. Qazaxıstan Qarabağ zəfərimizi hər zaman təqdir edərək, abadlıq və quruculuq işlərinə öz töhfəsini verməyə hazır olduğunu vurğulayıb”.

T.İsmayılovun fikrincə, Qərb Ermənistan vasitəsilə bölgəni qarışdırmaq istəyir:

“Proses Mərkəzi Asiyaya qədər uzana bilər. Qazaxıstanın Ermənistanla birlikdə KTMT-də yer aldığını, Avrasiya İqtisadi Birliyində (Aİİ) təmsil olunduğunu nəzərə alsaq, Tokayevin İrəvana səfəri normal qarşılanmalıdır. Belə ki, Ermənistan vasitəsilə Azərbaycan və Türkiyə əleyhinə qurulan təhlükəli planların qarşısını almaqda Qazaxıstanın rolu böyük ola bilər”.

Safura Bənnayeva
Globalinfo.az