Çeçenistan müstəqilliyini elan edə bilər – Hücumlar başladı

Rusiya İnquşetiyanın Malqobeks rayonunda antiterror əməliyyatları rejimi tətbiq edib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin İnquşetiya bölməsi yayıb.

Məlumata görə, hazırda rayonun Zyazikov-Yurt kəndində güc strukturları ilə yerli dəstələr arasında toqquşma yaşanır. Bununla belə, FTX döyüşün hansı qruplaşma ilə aparıldığına dair məlumat verməkdən imtina edib.

Qeyd edək ki, son 2 həftə ərzində Şimali Qafqazda situasiya gərginləşib. Belə ki, uzun fasilədən sonra əvvəlcə İnquşetiya, daha sonra isə Çeçenistan ərazisində postlara hücum təşkil edilib. Hücum nəticəsində xəsarət alanlar olub. Hücumun hansı qruplaşmalar tərəfindən həyata keçirildiyi hələlik bilinmir.

Üstəlik, son vaxtlar Çeçenistan rəhbərliyi ölkədəki ordu bölmələrinin gücləndirilməsi prosesini sürətləndirib. Bəzi mənbələr çeçen lideri Ramzan Kadırovun bununla Rusiyada yaranacaq destabilizasiya halında ölkəsinin müstəqilliyini bərpa etmək üçün hazırlaşdığını iddia ediblər.

İlkin Həsənov
Globalinfo.az