Bunları etsək, hərbçilərimizə təhlükə yaradarıq – SİYAHI

Bizlər suya möhtac olanlar kimi zəfərə susamış, haqq və ədalətin yerini tapmasını arzu edənlərik. Ürəyimiz zəfərlə və uğurla doludur, onunla döyünür. 30 il daxilimizdə yaşatdığımız nisgili səbrimizin sonu gələndə, 44 gündə qısasını alan vətən övladlarıyıq. Yaralarımızı sürətlə sağaldıb, qamətimizi dik tutub, doğan üfüqlərdəki, aydın işıqları gözləyirik. Vətən haqqında olan hər bir xoş xəbər və hər bir uğur bizim içimizdəki məğrur hisslərin tərənnümüdür.

Amma unutmamalıyıq ki, bilmədən bəlkə də fərqində olmadan çəkdiyimiz, paylaşdığımız hər bir informasiya bizim düşmənlə üz-üzə olduğumuz yerdə əleyhimizə işləyə bilər. Hər hansı vətən övladının həyatı bahasına başa gələ bilər. Ona görə də hər kəsdən xüsusi diqqət tələb olunur.

1.Hərbi maşın və avadanlıqlar, onların daşınması ilə bağlı hər hansı bir foto, video çəkiliş aparmayın və paylaşmayın. Çünki çəkilən hər bir media faylda çəkiliş yerinin mövqeyi (location) kimi bir çox məlumatlar düşmənin əlinə keçə bilər.

2.Hər hansı hərbi uçuş avadanlıqlarının foto və video çəkilişini aparmayın və paylaşmayın. Bu, döyüşdə canını qoyan əsgərimizin planını poza bilər. Fərqində olmadan düşmənə yol göstərmiş ola bilərsiniz.

3.Xidmətdə olanlarla müxtəlif yollarla əlaqə saxlamaqdansa, hisslərimizi çətin də olsa cilovlayıb səbr etməliyik. Çünki telefonlar yenə təhlükə mənbəyidir. Düşmən diqqətlə bizim səhvimizi gözləyə bilər. Danışıqlardan öyrəndiyi məlumatları əleyhimizə istifadə edə bilər.

4.Sosial şəbəkələrdə yayılan dezinformasiyaya, təsdiqlənməmiş məlumatlara inanıb, yaymaq olmaz. Düşmənin virtual aləmdə qurduğu tələlərə qarşı diqqətli olmaq lazımdır. Keçmiş illərdə çəkilmiş vəya başqa yerlərdə baş vermiş foto və video məlumatlarla Azərbaycan ictimaiyyətini aldadıb, istiqamətləndirmək istəyə bilərlər. Ona görə də ancaq dövlət mənbələrinə qulaq asmaq və məlumatı dövlət mənbələrindən eşitmədiyimiz müddətcə şübhə ilə yanaşmalıyıq.

5.Döyüş mövqeyinə yaxın yaşayanlara isə daha çox məsuliyyət düşür. Hər hansı hərəkətlilik barədə informasiya verilməməlidir. Hərbi qulluqçuların hərəkəti vəya yaralı, şəhid və s. kimi əlaqəli məlumatları, dövlət tərəfindən elan edilmədiyi halda heç bir məlumatı əsla heç bir formada paylaşmamalıyıq.

6.Qısaca, sadəcə hüquq-mühafizə orqanlarının və dövlət kanallarının verdiyi məlumatlara etibar etməliyik və onlara inanmalıyıq

Unutmayaq ki,  informasiya təhlükəsizliyimizi qorumaq, daha az itki ilə qalib olmağımız üçün, ciddi addımdır. Cəbhə arxasında olan önəmli xidmətdir. Gəlin birlikdə diqqətli olaq. Biz Birlikdə Güclüyük!

 

 

 

 

 

 

Bəhruz Əliyev
İnformasiya Texnologiyaları üzrə Mühəndis-Ekspert, Tədqiqatçı