Bakı getdikcə yaşanılmaz hala gəlir. Tıxaclar, səs-küy, insanların sayının sürətlə artması, havanın, suyun çirklənməsi, stress və s. paytaxtda həyatı xeyli çətinləşdirir. Artıq insanların dilindən kəndlərə, rayonlara köçmək haqda sözlər eşidilir. Sirr deyil ki, rayon və kəndlərdə də həyat o qədər asan deyil. Yaşamaq, mövcudluğu qorumaq üçün orada da çalışmaq, şərait qurmaq, dolanışıq düzəltmək lazımdır.
Maraqlıdır, tanınmış şəxslər rayonda özlərinə normal həyat qura bilərmi? Ümumiyyətlə, nə zamansa Bakı həyatından imtina etmək haqda düşünürlərmi?
Globalinfo.az-a danışan yazıçı Pərviz Cəbrayılın sözlərinə görə, Bakı kimi böyük şəhərlərdə yaşayış şəraitinin çətinləşməsi səbəbindən kəndlərə və rayonlara köçmək fikri getdikcə daha çox insanı maraqlandıran bir mövzuya çevrilir.
Onun fikrincə, bu meyil, təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur:
“Ancaq burada əsas sual odur ki, kimlər bu addımı atır və hansı sosial təbəqə daha çox kəndlərə dönməyi seçir. Bütün dünyada iri şəhərlərdən kəndlərə köç edənlərin sosial tərkibi çox müxtəlifdir, amma bir neçə əsas qrup diqqət çəkir:
Birincisi, adətən, şəhərdən kənara köçmək qərarını verənlərin böyük bir qismi maddi imkanları yaxşı olan insanlardır. Bu qrup insan öz işini, biznesini şəhərdən idarə etmək imkanı olanlar və ya təqaüdə çıxanlardır. Onlar kəndlərdə rahat evlər tikdirib, təbiətə yaxın yaşamaq istəsələr də, eyni zamanda şəhərin xidmətlərindən də çox uzaq qalmamağa çalışırlar.
İkincisi, sənətçilər və yaradıcı adamlardır. Sənət adamları və yaradıcı şəxslər, xüsusilə də yazıçılar, rəssamlar və musiqiçilər üçün kənd və ya əyalətlərdə yaşamaq öz sənətləri ilə daha dərindən məşğul olmaq üçün ideal mühitdir. Şəhərin stresindən uzaq sakit mühit onların yaradıcılığını artırır. Buna baxmayaraq, böyük şəhərlərdəki sənət çevrələrindən tamamilə uzaq düşməmək üçün onlar tez-tez qayıdır və qısa müddətlər üçün böyük şəhərlərə səfərlər edirlər.
\
Pərviz Cəbrayıl
Üçüncü qrup xüsusilə kənd təsərrüfatı ilə maraqlananlar, böyük şəhərlərin təzyiqindən uzaqlaşaraq özlərinə kiçik təsərrüfatlar qurmaq üçün əyalətlərə köçənlərdir. Bu insanlar ya öz ərzaqlarını yetişdirir, ya da kiçik bizneslər qururlar. Onlar üçün kənd həyatı həm fiziki, həm də mənəvi cəhətdən daha dolğun görünür.
Dördüncüsü, maddi sıxıntılar səbəbindən əyalətlərə köçən yoxsul təbəqə də mövcuddur. Onlar şəhərdə həyat xərclərinin çoxalması, ev kirayələri və ümumi həyat səviyyəsinin pisləşməsi səbəbindən kəndlərə köçməyi düşünürlər. Ancaq kəndə köçmək hər zaman asan olmur. Çünki kənd yerlərində də həyat şəraitini yaxşılaşdırmaq üçün maddi və fiziki imkanlar tələb olunur”.
Yazıçı Bakı və digər iri şəhərlərdən kəndlərə köçməyin o qədər də sadə qərar olmadığını bildirib:
“Kənd yerlərində iş imkanlarının məhdud olması, infrastrukturun zəif inkişafı və sosial xidmətlərin çatışmazlığı bəzi insanlar üçün əngəl yaradır. Kəndlərdə həyat tərzi şəhərdəkindən xeyli fərqlidir. Özünü təmin etmək üçün təsərrüfat qurmaq, yeni bir iş tapmaq, ya da qısa müddətdə şəhərə qayıtmaq mümkün olmaya bilər. Bundan əlavə, təhsil, səhiyyə və digər sosial xidmətlər də kənd yerlərində şəhər səviyyəsində olmaya bilər”.
P.Cəbrayıl deyib ki, xüsusilə Avropada və ABŞ-da kənd yerlərinə və kiçik şəhərlərə köç etmək trend halını aldı. Maddi imkanı olanlar işlərini rəqəmsal şəkildə idarə etmək imkanı qazandıqca, böyük şəhərlərin sıxlığından qaçaraq daha sakit və rahat yaşayış yerlərinə üz tutdular. Mənə qalanda isə, şəxsi şəraitimi, maddi imkanlarımı və kənddə necə bir həyat qurmağın çətinliklərini nəzərə alardım və alıram da. Bakı həyatı stresli ola bilər, amma kənddə yaşamaq da müəyyən fədakarlıqlar tələb edir. Gələcəyin hansı istiqamətdə inkişaf edəcəyini düşünərək, həm şəhərdə, həm də kənddə balanslı bir həyat tərzi qurmaq ən uyğun variant kimi görünə bilər. Bu, həm təbiətə yaxın olmaq, həm də şəhərin imkanlarından faydalanmaq imkanı verə bilər. Gerçəklik isə mənə onu diqtə edir ki, sən sadəcə öz idillik arzularınla yaşa, kəndi, meşəni, xudmani bir kənd evini, qarşısında bol sulu çayı, ya balıq tuta biləcəyin bir kiçik gölü arzula, ancaq bunun aludəçisinə çevrilmə, ümidini itirmə, lakin o ümidə də bel bağlama”.
P.Cəbrayıl şəhərin mərkəzində evini satıb, Masazıra köçdüyünü qeyd edib:
“Nəinki kəndə gedib həyat qurmaq, biz öz maddi imkanlarımızla heç bir həftəlik məzuniyyət üçün də kəndə gedə bilmiriksə, daha nədən danışmaq olar? Mənim şəxsən bu arzum fonunda gücüm ona çatıb ki, Bakının mərkəzindəki evimi satıb Masazıra köçüm, yarım sotluq həyətimdə güllər əkim, əlim-ayağım torpaqdan üzülməsin…”
Əməkdar jurnalist Azər Ayxan deyib ki, son vaxtlar paytaxtdakı sıxlıq insanları ciddi şəkildə narahat edir:
Azər Ayxan
“İmkan olsaydı, burdan köçüb gedərdik” sözlərini indi daha çox eşidirik. Əksəriyyətin beynində Bakıdan getmək, daha rahat yerlərdə yaşamaq düşüncəsi var. Amma gediləcək yerlərdə yaşamaq, təminat üçün şərait olmalıdır. İş yerləri, infrastruktur, komfort vacib amildir. Hər kəs deyir, “Bakıdan gedim”, amma kimsə nümunə olmur. Bu da başa düşüləndir. İnsanlar kəndə, rayona gedib, həyatını sıfırdan qurmaq istəmir. Çünki bu, kifayət qədər əziyyətli işdir. Həm də parıltı, komfort, şəhər həyatı insanları daha çox cəlb edir. Bakıdan şikayət artır, paraleldə Bakıya axın da çoxalır. Metrodan fotolara baxırıq, insan seli var. Avtobuslar sərnişinlərlə dolub-daşır. Küçədə adam əlindən tərpənmək olmur. Maşınların yaratdığı sıxlıq isə bir başqa dəhşətdir. Bir sözlə, ölkə Bakıya axışır. Bunun olmaması üçün ən azı 20 il öncədən plan hazırlanmalı, rayonlarda, kəndlərdə normal yaşayış üçün təminat həyata keçirilməli idi. İş yoxdursa, dolanışıq yoxdursa, kiməsə demək olmaz Bakıya gəlməsin, kənddə yaşasın. Bu həm də vətəndaşların konstitusyon hüququdur. Hər kəs yaşayış yerini seçməkdə sərbəstdir”.
A.Ayxan bir müşahidəsini bölüşüb:
“İnsanlarımızda son illər ciddi tənbəllik yaranıb. Kənddə yaşayan insan mal-heyvan, toyuq-cücə saxlayar, əkin-biçinlə məşğul olar. Getdikcə hamı rahat həyata qaçır. “Bakıya gedim, kirayədə qalım, tikintidə fəhlə işləyim, amma kəndə qayıtmayım” düşüncəsi də bir yandan beyinlərə hakim kəsilir. Ağır şərtlər altında Bakının ucqar qəsəbəsində kirayə evdə yaşayıb, fəhlə işləyincə, kənddə bu əziyyətin, xərcin yarısına qatlanıb, həyata davam etmək olar. Mənim özüm, nəzəri baxımdan deyirəm, doğulduğum kəndə köçsəm, sürətlə adaptasiya olaram. 50 sot torpağımız, ev-eşiyimiz var. Normal dolanmaq üçün kifayət qədər şərait mövcuddur. Hər şey insanın əzmindən, istəyindən, qoçaqlığından asılıdır. Dünyada elə xalqlar var, dəfələrlə təbii fəlakətlə, müharibə ilə qarşılaşıblar, amma ölkələrini yenə də cənnətə çevirə biliblər. İsraili quran insanların hekayəsini çoxları bilir, dağlıq, daşlıq ərazidə dünyanın ən qabaqcıl ölkəsini qurublar. Hollandiya kiçik ölkədir, lakin orada necə nümunəvi bir sistemin qurulduğundan çoxumuz xəbərdarıq”.
Jurnalist Natiq Muxtarlı deyib ki, Bakıdakı biabırçılıq hər kəsi düşündürür:
Natiq Muxtarlı
“Hamı rahat, sakit, problemsiz yaşamaq üçün yer axtarır. Lakin rayonda, kənddə bu rahatlıq varmı? Əminliklə deyə bilərəm ki, yoxdur. Düzdür, orada sakitlik var, tıxac, səs-küy yoxdur, amma iş də yoxdur. İnsanlar işsizlikdən Bakıya axışırlar. Ölkədə iqtisadiyyatın bərbad durumu, kənd təsərrüfatının, kiçik və orta sahibkarlığın məhv edilməsi, regionlarda acınacaqlı vəziyyət yaradıb. İşsizlik doğulduğum Masallı rayonunda da tüğyan edir. Cənub bölgəsi həssas yerdir. Burada Azərbaycana düşmən olan İranın böyük marağı var. İşsizlik, iqtisadi durumun ağır olması səbəbindən İran bu bölgəyə nüfuz edir, rayonda narkomanlıq sürətlə artır. Yəni rayonda yaşamaq üçün də şərait yoxdur”.
N.Muxtarlı rayona qayıtmaq istəmədiyini vurğulayıb:
“Sözün düzü, mən bu yaşda rayona qayıtmaq yox, ümumiyyətlə Azərbaycandan köçmək haqda düşünürəm. Ölkə yaşanılası durumdan çıxıb. Bakının mərkəzində günlərlə işıq yanmır, su gəlmirsə, görün regionlarda, bölgələrdə vəziyyət necədir. Məqsədim bu ölkədən getməkdir. Ən azı övladlarımın Azərbaycandan çıxmasına cəhd edəcəm. Çünki gələcəkdə bizi daha ağır durum gözləyir, bu idarəetmə, bu kadrlarla. Buna əminəm. Təəssüf ki, başqa seçimimiz yoxdur, vətəndən qaçmaqdan savayı”.
Zaira Akifqızı
Globalinfo.az