Bakıda qorxu saçan bina haqda yeni açıqlama: “Həmin görüntülər də yayılmalıdır”

Sosial şəbəkələrdə “TRVEGE” MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binası ilə bağlı yayılan video ciddi narazılıqlara səbəb olub. Xatırladaq ki, videoda monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığının 10sm və örtük tavasının alt və üst torlarına aid armaturların diametrinin 8mm olduğu deyilirdi.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azərbaycanın Rieltorlar Birliyinin sədri Elnur Azadov deyib ki, həmin ərazi mütləq təkrar yoxlanılmalıdır.

Onun fikrincə, əgər hər şey həqiqətən də videonu çəkən şəxsin dediyi kimidirsə, ölçü uyğun deyilsə, o zaman iradında haqlıdır:

“Həmin usta ən azından metrə ilə ölçüb, göstərir. Faktiki olaraq bunu təkzib etmək üçün müvafiq qurum tərəfindən o binanın bütün mərtəbələrində oxşar çəkiliş aparmalı, görüntülər yayılmalı və açıqlamalar verilməlidir”.

Elnur Azadov

Ekspert videonu çəkən adamın haqlı və ya haqsız olması haqda danışıb:

“Ola bilər, hansısa küncə düşən beton hissə qüsurlu alınıb və ya tam belədir. Bu artıq onu tətbiq edən insanların vicdanına qalır. Amma hər şey həmin şəxsin dediyi kimidirsə, buna görə aidiyyəti orqan cavab verməlidir. Mümkündür ki, bina tikənlər, podratçılar heç bunu yoxlamasınlar”.

Zaira Akifqızı
Globalinfo.az