Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Üçüncü Dünya müharibəsi riskləri haqda danışarkən deyib ki, Qərb hələ Ukraynada istədiyi nəticəni əldə etməyib.
“Qərb bütün mümkün dəstəyə baxmayaraq, Ukraynada hələ də istənilən nəticəni əldə etməyib. Dünya sürətlə dəyişir. Bu sürətli dəyişikliklərdə güclərin rolu xüsusilə böyükdür. Məsələn, Rusiya Çinlə həmrəydir. Bu vəziyyət Qərbi ciddi şəkildə narahat edir. Qərb Ukraynaya hər cür dəstək verir. Pul, silah və döyüş sursatları da daxil olmaqla verilən dəstəyə baxmayaraq, onlar Ukraynada gözlədikləri nəticəni hələ əldə edə bilməyiblər. Eyni səhvləri etməmək üçün biz müharibədən deyil, sülhdən danışmalıyıq. Hər bir addım eskalasiyaya deyil, sülhə yönəlməlidir. Biz sülhü təmin etmək üçün planlar hazırlamalıyıq”, – Ərdoğan vurğulayıb.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Ərdoğan bundan əvvəl mümkün Rusiya-NATO toqquşması barədə danışmış və bunun qorxulu ssenari olduğunu demişdi:
“Mümkün Rusiya-NATO birbaşa toqquşması əslində elə Üçüncü Dünya müharibəsi deməkdir. Bu, Türkiyə üçün arzuolunmaz versiyadır. Çünki bu halda Alyans üzvü olan rəsmi Ankara Rusiya ilə NATO arasında tərəf seçməli olacaq.
Nəzərə almaq lazımdır ki, Türkiyə Rusiya ilə normal münasibətlərə malik yeganə Alyans üzvüdür. Bu baxımdan, Türkiyə mümkün qədər çalışır ki, Üçüncü Dünya müharibəsinin qarşısını alsın.
Məncə, Ərdoğanın səsləndirdiyi fikirlər də bu kontekstdən qiymətləndirilməlidir. Sual yaranır: əgər Türkiyə Üçüncü Dünya müharibəsinin başlandığını qəbul edirsə, niyə NATO üzvü olmasına baxmayaraq, hələ də Rusiya və Çinlə münasibətləri davam etdirir?
Əslində Üçüncü Dünya müharibəsi davam edir. Planetdə gedən qütbləşmə prosesi başa çatanda, bu tarixi hadisə rəsmən elan oluna bilər”.
Turan Rzayev
Globalinfo.az