“Bu məlumatlarımızı ermənilər də yayırdı” – Baş redaktor

Azərbaycan media məkanında öz dəst-xətti ilə seçilən Editor.az saytı 10 yaşını qeyd edir.

Saytın baş redaktoru Fərid Şahbazlı Globalinfo.az-a açıqlamasında bildirib ki, sayt 24 noyabr 2012-ci ildən fəaliyyət göstərir və sayta gündəlik daxilolma otuz min nəfəri keçir:

“Saytımızda sosial, siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və bir sıra mövzularda xəbərlər dərc edilir. Bu gün rahat şəkildə deyə bilərəm ki, editor.az mediamızın ən uğurlu saytlarındandır. Biz sosial şəbəkə seqmentində informasiya yayımını çox uğurla həyata keçiririk. Saytımız yalnız gündəlik xəbər istehsalı həyata keçirməyi iş hesab etmir. Bizim əsas istiqamətlərimizdən biri də beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Bu istiqamətdə Türkiyə, Qazaxıstan, Ukrayna, Gürcüstan, Özbəkistan, Pakistan, Polşa və bir çox ölkələrin nüfuzlu kütləvi informasiya vasitələri (KİV) ilə yaxından əməkdaşlıq edirik”.

F.Şahbazlı qeyd edib ki, Editor.az-ın 10 illik fəaliyyəti dövründə ən mühüm mərhələ 44 günlük Vətən müharibəsi dövrünə təsadüf edir:

“Həmin dövrdə yalnız Azərbaycan dilində deyil, rus və erməni dilində də videoxəbərlər hazırlayaraq geniş şəkildə yaydıq. Tam məsuliyyətlə deyə bilərəm ki, bu videolar böyük marağa səbəb olurdu. Hətta bizim hazırladığımız reportajlar düşmən ölkənin mediasının gündəmində idi.

Bu gün də portalımız fəaliyyətini operativ şəkildə həyata keçirir. Kollektivimiz gənc və dinamikdir. Çalışırıq ki, müasir çağırışlara uyğun xəbər saytı olmağa davam edək”.

Gələcək planlarından danışan F.Şahbazlı vurğulayıb ki, saytda gələn ildən rus və ingilis dilində xəbər yayımı planlaşdırılır.

Globalinfo.az olaraq həmkarlarımızı 10 illik yubiley münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Zaira Akifqızı
Globalinfo.az